Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nikolo Yurçeviç Offsideplus.az-ın suallarını cavablandırıb.

Xorvat mütəxəssis millimizdən ayrıldıqdan sonra verdiyi ilk müsahibəsində bir sıra maraqlı məqamlara toxunub:

Avro-2020-nin seçmə mərhələsindəki pis nəticələrin səbəbi nə idi?

- İnsanlar realist olmalı və Azərbaycan millisinin dünya futbolundakı mövqeyini anlamalıdır. Məndən öncə Azərbaycan FİFA reytinqində 105-ci pillədə qərarlaşmışdı. Qrupdakı rəqiblərimizin hər birinin heyətində elə oyunçular var idi ki, bizim bütün heyətin toplam qiymətindən baha idi. Fakt və reallığı nəzərə aldıqdan sonra nəticələri və çıxışımızı daha düzgün təhlil edə bilərsiniz. Fikrimcə, baş məşqçi olduğum müddətdə komandanın oyununda irəliləyiş oldu. Əksər oyunlarda kompakt idik. Bizi məğlub etmək rəqiblərə asan deyildi. Dünya ikincisi Xorvatiyaya qarşı hər iki oyunda ciddi müqavimət göstərdik. Zaqrebdəki matçın sonlarında top buraxıb, məğlub olduq. Bakıda onlarla bərabərə qalmaqla turun ən böyük sensasiyasına imza atdıq. Beyl, Daniel Ceyms, Remsi kimi top futbolçulara malik Uels millisinə qarşı səfərdə yaxşı mübarizə apardıq. Rəqib yalnız 86-cı dəqiqədə qələbə qolunu vurdu. Budapeştdə Macarıstanın qapısına vurduğumuz təmiz qol sayılmadı və 1 xaldan olduq. Slovakiya ilə səfərdəki matçda Renat Dadaşovla 82-ci dəqiqədə yüzfaizli qol epizodunu qaçırdıq. Bəzi oyunlarda hakimlərin bizim əleyhimizə qərar verdiyini deməliyəm. Slovakiya və Macarıstanla ev oyunlarında isə komanda obyektiv səbəblərə görə tam hazır deyildi. Bilirəm ki, 1 xal yaxşı nəticə deyil. Lakin oyun baxımından daha çox xala layiq idik.  

Azərbaycan millisində hansı problemlərlə mübarizə aparırdınız?

- Azərbaycan Premyer Liqasında cəmi 8 komanda var. Hər turda meydana 40 azərbaycanlı oyunçu çıxır ki, milli komanda üçün bunlardan 20-25-ni seçmək lazımdır. Ölkədən kənarda çıxış edən az sayda yerli futbolçu var. Millinin ən yaxşılarından olan Ramil Şeydayevə Moskva "Dinamo"sunda az şans verildiyini də unutmayın. Yerli çempionat və futbolçularla bağlı parametrləri qrup mərhələsindəki rəqiblərimizlə müqayisə etməyə çalışın. Üstəlik bir sıra görüşlərdə heyətin 3-5 üzvü zədəli və ya cəzalı olurdu. Slovakiya və Macarıstanla oyunlarda heyətlə bağlı problem özünü aşkar formada göstərmişdi.

Sizə daha çox vaxt verilsəydi, məşqçi kimi daha yaxşı nəticələr qazana biləcəkdiniz?

- İşləmək üçün vaxt verilsəydi, əminəm ki, daha yaxşı nəticələr qazanardım. UEFA Millətlər Kubokunun yeni mövsümündə Azərbaycanın rəqibləri AVRO-2020 seçmə mərhələsindəki qədər güclü olmayacaqdı. Son oyunlarda komandanın oyununda irəliləyiş nəzərə çarpacaq qədər çox idi, nəticədə əksi görünsə də.  Xeyli gənc oyunçunu milliyə dəvət etmişəm. Onlar uzun illər komandaya kömək edə biləcəklər. Bir sıra neytral məşqçilər, mütəxəssislər və futbol şərhçiləri Azərbaycan millisinin daha güclü rəqiblərə qarşı əzmkar oyunu haqqında pozitiv danışırdı. Təəssüf ki, Azərbaycanda yığma barədə əsasən mənfi fikirlər danışırlar. Bəzi saytlar ilk gündən reallıqları nəzərə almadan tənqidlər yazırdılar. AVRO-2016-nın seçmə mərhələsində millinin 10 xal qazanmasını qabardırlar. Ancaq 6 xalın həvəskar San Marinodan alınmasını unudurlar. Məndən öncə ölkənin ən yaxşı məşqçisi Qurban Qurbanovun rəhbərlik etdiyi yığma 2 dəfə Malta ilə heç-heçə etmiş, Kosovoya 0-4 uduzmuşdu. Mənə hər şeyi izah etmək üçün bir müsahibə imkanı heç vaxt yaradılmayıb. 

Azərbaycan futbolunun gələcəyini necə görürsünüz?

- Avropa futbolunda rəqabət çox yüksəkdir. Bu həqiqəti başa düşmək lazımdır. Nailiyyət qazanmaq bir günün məsələsi deyil. Gənclərlə işləmək böyük önəm daşıyır. Uşaq futbolunun inkişafı üçün proqramlara AFFA tərəfindən yatırım edilməsinə müsbət yanaşıram. Futbolda proqresin yeganə yolu budur. Eyni zamanda daxili çempionatda klubların sayını 10-12-yə qədər artırmaq, yerli futbolçulara daha çox şans vermək zəruridir. Bunlar mərhələli şəkildə həyata keçirilməlidir. Belə olan halda, uğur qazanmaq daha asan olar.