Dövlət Turizm Agentliyi futbol üzrə 2020-ci il Avropa çempionatında iştirak etmək üçün Bakıya gələcək Uels milli komandasının bəzi fanatlarının otellərdə bron etdiyi yerlərin ləğv edilməsi və qiymətlərin qaldırılması barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumata münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Trend-ə açıqlamasında belə hallar barədə məlumatının olduğunu deyib.

Ancaq o, bu məsələnin artıq nəzarətdə olduğunu, tezliklə həll ediləcəyini söyləyib:

“Biz çalışacağıq ki, digər strukturlarla birlikdə bu problemi həll edək və futbol pərəstişkarları məmnun qalsınlar. Qonaqpərvər ölkə olan Azərbaycanın bu tip tədbirlər keçirmək təcrübəsi böyükdür. Azərbaycanda artıq Avropa oyunları, Formula 1, Avropa Liqasının finalı və s. keçirilib. İndiyədək bütün problemlər yoluna qoyulub və əlbəttə ki, bu məsələ də öz həllini tapacaq”.

Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi sosial şəbəkədə bəzi Uels fanatlarının otellərdəki bronlarının ləğv edildiyi və yerlərin qiymətlərinin bahalaşması barədə məlumat yayıb.