"Qəbələ" İdman Klubu yeni sponsoru "Jalə" Şirələri ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Offsideplus.az xəbər verir ki, əyalət təmsilçisinin prezidenti Fariz Nəcəfov imza mərasimində sponsor axtarışlarının davam etdiyini bildirib:

"Son vaxtlar klubun büdcəsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə müzakirələr gedirdi. Deyilənlərdə də müəyyən həqiqətlər vardı. Klubun təsisçisi "Gilan Holdinq"dir. Bizə şifahi şəkildə büdcə azaldılacaq. Ona görə də sponsor axtarırdıq və hazırda da görüşmələr davam edir. Artıq "Jalə" Şirələri ilə anlaşmışıq. Maliyyə məsələsi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüşümüz oldu. Bildiyiniz kimi, AFFA bir sıra klublara maliyyə dəstəyi verir. Biz də belə bir dəstək üçün müraciət etmişdik. Federasiyadan bildirildi ki, qurumun büdcəsi illik təsdiq olunduğu üçün hazırda bizə maliyyə dəstəyi verə bilməyəcəklər. "Qəbələ" ilə bağlı AFFA İcraiyyə Komitəsində hansı müzakirələrin getdiyindən xəbərsizik. "Qəbələ" kimi klubun dağılması Azərbaycan futbolu üçün zərbə olardı. Hazırda başqa sponsorlarla da danışıq gedir. "Qəbələ" yaşayacaq. Klublar və İcraiyyə Komitəsi AFFA tərəfindən klublara ayrılan maliyyə vəsaiti müəyyən meyarlar əsasında olmalıdır. Başqa ölkələrdə də bu təcrübə var. AFFA tərəfindən vəsait hansısa meyarlara görə klublar arasında bölünərsə, biz də həmin siyahıda olmaq istərdik. Açığı, belə bir dəstəyi gözləyirik. İstər Müşahidə Şurası olsun, istərsə də prezident strukturu - klublar müstəqil olmalıdır, AFFA-dan pul almamalıdırlar. Elxan Məmmədovun da dediyi kimi, iş adamları cəlb edilməlidir. Onlara da sponsorluğa görə müəyyən güzəştlər edilməlidir".

Xatırladaq ki, 1,5 illik sözləşməyə əsasən, "Jalə" brendi əsas komandanın oyun formasında əksini tapacaq.