“Hesabat dövrü ərzində bir sıra layihələr həyata keçdi”.

Offsideplus.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev AFFA-nın növbəti Hesabat konfransında deyib. Yığıncağı giriş sözü ilə açan Abdullayev 2017-ci ildə “Qarabağ”ın Çempionlar Liqasının qrupunda iştirakını xüsusi qeyd edib:

“Gələn il Avropa Liqasının finalı Bakıda keçiriləcək. Keçdiyimiz dövr ərzində danışılmış oyunlarla bağlı məsələləri nəzərə götürdük. Bir neçə şəxs cəzalandırıldı. Bu məsələ ilə bağlı sərt mübarizəmizi davam etdirəcəyik”.

Hesabatların tam şəffaf olduğunu deyən Abdullayev bildirib ki, AFFA-nın sponsorlarının sayı artır:

“Sponsorlarımızın sayı artır. FİFA və UEFA-ya minnətdaram. Azərbaycan futboluna, AFFA-ya daim dəstək olurlar. 2017-ci il futbol üçün uğurlu il oldu. Çoxlu layihələr həyata keçirə bildik. Ümumiyyətlə, ölkəmizdə futbolun inkişafında, beynəlxalq oyunların təşkilində həmişə dəstək verdiyi üçün ölkə başçısı İlham Əliyevə təşəkkür edirəm. Klublarımız, hamımız çalışacağıq ki, bundan sonra da azarkeşlərimizə sevindirici anlar yaşadaq. FİFA və UEFA qadınların futbola cəlb olunmasında böyük işlər görürlər. Biz də bu yöndə fəaliyyətimizi davam etdiririk”.