Futbol üzrə yığma komandamız AVRO-2020-nin seçmə mərhələ matçında öz meydanında Uelsə uduzub - 0:2.

Offsideplus.az xəbər verir ki, millimizin baş məşqçisi Nikola Yurçeviç oyundan sonra keçirilən mətbuat konfransında əvvəl oyunla bağlı fikirlərini bölüşüb. Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

"Uels yığmasını təbrik edirəm. Bu gün yaxşı oynadılar və layiqli qələbə qazandılar. Heyətlərində böyük oyunçular var. Oyunun qısa analizinə gəlincə, yenə standart vəziyyətlərdə çətinlik çəkdik, qol buraxdıq. Biz isə 10-12 künc zərbəsindən istifadə edə bilmədik. Hücumlarımız isə kəsərli alınmadı. Epizodların birində hakim lehimizə penalti vermədi, tam əmin deyiləm, ancaq köməkçilərim də topun ələ dəydiyini bildirdi. Bəlkə də hesab 1-2 olardı. Uelsin oyunçuları Avropa klublarında forma geyinir. Bizdə isə əsas heyətin bir neçə oyunçusu zədə səbəbindən oyunda iştirak edə bilməmişdi. Bu da oyuna öz təsirini göstərdi".


Seçmə mərhələdə 1 xal qazanmışıq. Slovakiya ilə son oyun qalıb. Bu xal Azərbaycan futbolunun durumunu əks etdirirmi?

- Qrupumuzdakı rəqiblərə nəzər salanda, Azərbaycanın o qədər də pis vəziyyətdə olduğunu demək olmaz. Çətin rəqiblərin yer aldığı qrup idi. Real yanaşmaq lazımdır, biz özümüzdən daha güclü, daha təcrübəli komandalarla qarşılaşdıq. Bəzi oyunlarda son dəqiqələrdə qol buraxdıq, Macarıstanla oyunda vurduğumuz təmiz qol qeydə alınmadı. Bəzi oyunlarda 2-3 həll edici səhvimiz oldu. Bu da öz təsirini göstərdi. Slovakiya ilə son oyun asan olmayacaq. Geridə qalan oyunlarla bağlı onu demək olar ki, nəticə baxımından uğurlu hesab etmək olmasa da, komandamız yaxşı təcrübə əldə etdi. Bu gələcək oyunlarda işimizə yarayacaq.

- Yığma komanda seçmə mərhələni qrup sonuncusu kimi 1 xalla tamamlasa, qalıb işləmək istəyəcək, yoxsa gedəcək?

- Əldə etdiyimiz nəticədən mən də razı deyiləm. Qarşıdan gələn 5-10 il üçün potensiallı oyunçuların meydanda olmasına imkan yaratdıq. Mənim komandakı gələcəyim barədə danışmaq üçün indi düzgün zaman deyil. Müqaviləm fevral ayında bitir. Ondan sonra bu barədə danışmaq olar. Azərbaycanda olmaq həm mənim, həm də ailəm üçün xoşdur. Bakını, Azərbaycanı sevirəm. Komandadakı oyunçular da daxil, burada narazı qaldığım bir məsələ olmayıb. Komanda ilə daha yaxşı nəticələr qazana bilərik.