Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sumqayıt" doğma meydanda "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin müdafiəçisi Bəxtiyar Həsənalızadə jurnalistlərə müsahibə verib. Həsənalızadə öncə oyun haqda danışıb:
 
- Ağır oyun oldu. “Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir. Çalışdıq ki, müdafiədə diqqətli oynayaq. Əlimizə düşən fürsətləri qola çevirmək istədik, lakin 1 dəfə yararlandıq. Bu nəticə də bizi qane edir.
 
- Hiss olunurdu ki, “Sumqayıt” hava toplarına yaxşı hazırlaşmışdı…
- Oyundan öncə baş məşqçimiz “Qarabağ”ı analiz etmişdi. Cinahlardan və müdafiəçilərin arxasına ötürmələr edirdilər. Bunun qarşısını almaq üçün çalışmışdıq. Bir-iki epizodu çıxmaq şərtiylə pis oynmadıq. Rəqibə çox şans vermədik.
 
- Bu gün həm də bütün futbolçular millimizin baş məşqçisi olan Qurban Qurbanovun diqqətində idi… Prinsipiallığın var idi?
- Xeyr, məndə belə hiss yox idi. Ancaq hər bir futbolçu özünü millinin baş məşqçisinə göstərmək istəyər. Biz də çalışdıq ki, əlimizdən gələni edək. “Sumqayıt”ın uğuru və milliyə dəvət almaq üçün çalışırıq. Nə dərəcədə aldındığına kənardan baxanlar qiymət verə bilər.
 
- Müdafiədə Rail Məlikovla oynamaq rahatdı, yoxsa Bəhlul Mustafazadə ilə?
-  Mənim üçün fərqi yoxdu. Seçim baş məşqçiyə məxsusdur. Hörmətlə yanaşmaq lazımdır. Bizim işimiz futbol oynamaqdır.