“Hazırda yalnız növbəti həftə haqqında düşünürəm. Finaldan sonra klubdakı gələcəyimi müzakirə edəcəyəm”.
Offsideplus.az-ın sözlərinə görə, bunu İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Mauritsio Sarri Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı ərəfəsində Londonda təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, klubla 2 illik müqaviləsi var və İngiltərədə işini davam etdirməyə şad olar. Onun sözlərinə görə, final üçün Bakıya getmək “Çelsi” azarkeşləri üçün çətindir: “Adətən, “Arsenal”la matçlarda hər iki komanda açıq futbol sərgiləyir. Belə vəziyyətdə zədəli Loftus-Çik faydalı ola bilərdi. “Arsenal”ın yaxşı hücumçuları var. Ancaq hesab edirəm ki, qələbəyə layiqik və titul qazanmaq istəyirik. Yanvarda problemlərimiz vardı. Lakin onların öhdəsindən gəlməyimizdən razıyam. Qələbəni bütün futbolçular, texniki işçilər, klub üçün istəyirəm. Çox yaxşı mövsüm keçirdik. Ümumilikdə 2 ya 3 oyunda pis oynadıq. Premyer Liqanı 3-cü sırada bitirdik və Liqa Kubokunda finala qədər gəldik. İndi bizim Avropa Liqasının finalında oynamaq imkanımız var. Qalib gəlsək, bizim üçün çox gözəl mövsüm olacaq”.
Baş məşqçi zədəli dayaq yarımmüdafiəçisi Nqolo Kantenin durumuna da toxunub. O, Fransa yığmasının futbolçusunun finalda iştirakına ümid bəslədiyini və optimist olduğunu söyləyib.
Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda digər London təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.