"Bu gün Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik də iclasa qatılmışdı. Əsas məsələ hakimliklə bağlı idi. Bildiyiniz kimi, son vaxtlar bəzi klublarımız oyun qaydalarına görə yox, administrativ məsələlərə görə cərimələnib. Hakimlərin otağında çatışmayan ləvazimatlara görə cərimələr olub. Daha çox bu barədə söhbət oldu. Eyni zamanda ümumi hakimliklə bağlı müzakirələr oldu".
Bu sözləri "Sumqayıt" klubunun prezidenti, eyni zamanda bu gün keçirilən iclasda AFFA Klublar Komitəsinin sədri vəzifəsinə seçilən Riad Rəfiyev deyib. Yeni sədr daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Ən xırda məsələlərə görə belə, cərimələr yazılıb. Məsələn, topdaşıyan uşaqların oyun zamanı topla artıq hərəkət etmələri və s. Bunları müzakirə etdinizmi?
- Bəli, əsas müzakirə mövzusu bunlar idi. Ən çox suallar bununla bağlı verildi.
- Bəs hakimlərin meydanda verdiyi qərarlar müzakirə olunmadı? Elə siz özünüz də son matçda narazı qalmışdınız...
- Mənim fikrim belədi ki, biz hakim yox, öz səhvlərimizə görə uduzmuşuq. Bugünkü iclasda hakim səhvləri barədə danışmadıq.
- Bu etirazlara Fritz Ştuxlikin cavabı nə oldu?
- Bəzi məsələlərdə o da bizimlə razılaşdı. Qərara gəldik ki, klubların fikrincə, nə dəyişilməlidisə, bununla bağlı siyahı hazırlayıb Ştuxlikə göndərək.
- Klublar Komitəsinin sədri olacağınızı gözləyirdinizmi?
- Həmişəki kimi, səsvermə oldu və mən seçildim. Qərara gəldik ki, növbəti iclas martın 12-də keçirilsin.
- Qurum yeni yarananda hər ay yığışırdısa, son vaxtlar gec-gec bir araya gəlirsiniz. Sizin sədrliyiniz dövründə necə olacaq?
- Qeyd etdiyim kimi, növbəti iclasımız gələn aydı. Çalışacağıq ki, tez-tez görüşək, müxtəlif məsələləri müzakirə edək. Açıq məsələlər çoxdu və onları danışmaq lazımdı. Artıq mövsümün ən qızğın vaxtıdır. Bütün klubların başı oyunlara qarışıb. Amma yenə də imkan daxilində tez-tez görüşməyə çalışacağıq.
- Qurumun işini daha da canlandırmaq üçün hansı prioritetləri nəzərdə tutmusunuz?
- Əlimizdən gələni edəcəyik ki, daha da fəal olaq, Premyer Liqanın işində daha da yaxından iştirak edək. Məsələlər çoxdu, onları danışmaq, imkan daxilində həll etmək lazımdı.
- CBC Sport yayım hüququna sahib çıxanda klublara ödənişin ediləcəyi qərara alınmışdı. Lakin ödəniş hələ də olunmayıb...
- Bu məsələyə növbəti iclasımızda baxılacaq. Bugünkü iclasda isə AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxliklə hakimlik məsələləri ilə bağlı danışdıq və sədr seçkisi keçirildi. Növbəti iclasda isə digər məsələlərlə bağlı danışacağıq.
- Qarşıdakı iclasda "Futbol+" qəzetinin yaşaması üçün hansısa addımın atılması nəzərdə tutulub?
- Çox gözəl fikirdi. Bununla bağlı şəxsən özüm növbəti iclasımızda məsələ qaldıracağam. Mütləq bu barədə danışacaq və imkan daxilində qəzetə kömək etməyə çalışacağıq.
Mənbə: matc.az