“Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 15-ci turunun “Keşlə” ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az Qol.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis 1:1 hesabı ilə başa çatan görüş barədə fikirlərini açıqlayıb.
- Komandanızın çıxışından razı qaldınız?
- Yeni sistemlə çıxış edirik. Heyətdə yeni futbolçular var. İstədiyimiz səviyyədə deyilik. Anlaşma o səviyyədə deyil. İnanıram ki, oyundan-oyuna düzələcək. Düzdür, nəticə də lazımdır, ancaq nəticədən də əsas komanda formalaşdırmaqdır. Biz Premyer Liqada yeni komandayıq. Çalışırıq ki, növbəti mövsüm üçün yaxşı kollektiv formalaşdıraq.
- Bu gün yeni sistemlə çıxış etdiniz. Bütün oyunlarda bu sistemdən istifadə edəcəksiniz?
- Çox çətin sistemdir. Hələ bu barədə qərar verməmişəm.
- Vüqar Nadirov qol epizodunu qaçırdıqdan sonra onu əvəzlədiniz. Bu, həmin epizodla bağlı deyildi ki?
- Yox, əvəzetmələri əvvəlcədən planlaşdırmışdıq. İstəyirdim ki, yeni oyunçulara da şans verim.
- Bu gün Kərim Diniyevi yeni mövqedə sınadınız...
- Kərim komandaya yeni gələndə onunla danışdıq və o həmin mövqedə çıxış edə biləcəyini dedi. Onun üçün yeni mövqedir. İnanıram ki, gələcəkdə hər şey öz qaydasına düşəcək.