«Zirə»də forma şansı qazanmadığı üçün «Qəbələ»yə qayıdan Yusif Nəbiyev mövsümü doğma klubunda bitirəcək.

Rəsmilər ondan ötrü Roman Qriqorçuku çətinliklə razı sala biliblər. Çünki baş məşqçi 1997-ci il təvəllüdlü müdafiəçinin təkrar başqa komandaya icarəyə verilməsinə israr edirdi.

Ötən mövsümü «Sumqayıt»da yaxşı keçirən Yusifin ukraynalı mütəxəssisin gözündən düşməsinə səbəb, daha doğrusu, səbəbkar isə sən demə, atasıdır.

Offsideplus.az sportinfo.az-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis «Qəbələ»nin öz yetirməsini hələ yayda əsas komandaya cəlb etmək fikrindəymiş.

Hətta bu məqsədlə onu təlim-məşq toplanışına aparıb. Həngamə də bu zaman yaranıb. Futbolçunun atası hazırlıq prosesinin keçirildiyi məkana gələrək, Qriqorçuka «Oğluma toy etmək istəyirəm, burax, aparım » deyib. Eşitdiyi sözə təəccüblənən ukraynalı heç bir oyunçunun toplanışın gedişində evə getməsinə icazə verə bilməyəcəyini söyləyib və bunu nizam-intizamın onun üçün hər şeydən vacib olmasıyla əsaslandırıb. Valideyn isə «sən mənim oğlumun xoşbəxt olmasını istəmirsən» deyə, narazılıq etməyə başlayınca, Qriqorçuk hiddətlənib: «Al, bu da sənin oğlun: bir də buralara gətirmə».