AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov  Komanda.az saytına müsahibə verib.

Offsideplus.az həmin müsahibəni təqdim edir:

- Son günlərin əsas müzakirə mövzusu Qurban Qurbanovun milli komandanın baş məşqçi postundan ayrılmasıdır. O, istefaya göndərildi, yoxsa istefa verdi?

- Müzakirə olunası bir şey yoxdur, ikitərəfli razılıq əldə olundu. İki yerdə çalışmağın onun üçün çətin olacağını gördük. “Qarabağ” onun rəhbərliyi altında uğurlu çıxış edir. Biz bu məsələdə hərtərəfli düşünüb, qərar verdik.

- AFFA İcraiyyə Komitəsinin bütün üzvləri yekdilliklə Qurbanovun istefasına səs verdi?
- Biz son nəticədə Qurban Qurbanovun, “Qarabağ”ın və millinin mənafeyini nəzərə alaraq, bu addımı atdıq. Hamı bildirdi ki, iki yerdə işləməsini istəməklə, onu çətin vəziyyətdə qoyuruq.

- Berti Foqtsa 6 il dözən AFFA-nın Qurban Qurbanova cəmi bir il vaxt verməsinin səbəbi budur?
- Əlbəttə ki, vaxt vermək olardı, amma məsələnin vaxtla aidiyyatı yoxdur. Biz bu vəziyyəti davam etdirməklə, “Qarabağ”ı da, millini də, Qurban Qurbanovu da itirə bilərdik. Uğursuz nəticələr hər iki yerdə olacaqdı. Orda hamı etiraf etdi ki, hazırda Azərbaycanın bir nömrəli baş məşqçisi Qurban Qurbanovdur. Onun gördüyü işlər göz qabağındadır. Hər kəs etiraf etdi ki, keçən il müqavilə imzalanarkən, onun iki yerdə işləməsini istəmək səhv addım idi. Biz də hər şeyi düşünüb, ikitərəfli razılıq əldə etdik.

- Qurban Qurbanovla 6 illik müqavilə bağlandığı deyilmişdi. Ona kompensasiya ödəniləcək?
- Kompensasiya vacib deyil, Qurban Qurbanovu hamımız yaxşı tanıyırıq. O da öz çıxışında işini vicdanla yerinə yetirdiyini, millini düşündüyünü, Azərbaycan futboluna xidmət etdiyini deyib. Onu maddiyyat maraqlandırmır.

- Sizin fikrinizcə, yeni baş məşqçi kim olmalıdır: yerli mütəxəssis, yoxsa əcnəbi?
- Mən bunu deyə bilmərəm. Biz etiraf edirik ki, bu gün ölkənin ən yaxşı məşqçisi Qurban Qurbanov ola-ola müqaviləsinə xitam verildisə, bundan sonranı demək çətindir.