"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov qəlyana olan marağından danışıb.
Offsideplus.az xəbər verir ki, 49 yaşlı mütəxəssis "Report"a müsahibəsində bu vasitədən ancaq stresdən yaxa qurtarmaq üçün yararlandığını bildirib.
Əhmədovun sözlərinə görə, qəlyana marağı əvvəllər olub: "İndi heç yadıma da düşmür. Mən içki içən, narkoman deyiləm. Heç siqaret də çəkmirəm. Amma məsələnin digər tərəfi də var. Təsəvvür edin, biz stres altında işləyirik. Komandanı qurmaq, yeni futbolçular tapmaq asan iş deyil. Bu proseslər məni yorur. Ya içki içməli, ya da siqaret çəkməli idim. Amma gəlirdim, dost-tanışla qəlyan çəkirdim, 1-2 saat deyib-gülürdüm, kefim açılırdı. Heç vaxt nəyinsə düşkünü olmamışam. Həyat tərzimdə nədənsə asılılıq yoxdur. İndi siz dediniz, yadıma düşdü ki, qəlyan çəkmişəm".
Baş məşqçi sonuncu dəfə karantin rejimindən əvvəl - martda qəlyan çəkdiyini söyləyib: "İndiyədək yadıma düşmürdü. Mənim qəlyan çəkməyim asılılıq, maraq deyil. Sırf oyun stresi ilə bağlıdır. Matç vaxtı futbolçuların epizodlarını meydandan kənarda yaşayıram. Bir də görürsünüz, səsim aləmi götürür. Dost-tanış deyir ki, bir gün ya sənin boğazına nə isə olacaq, ya da ürəyin dayanacaq. Amma əlimdə deyil. Mən o futbolçunun yaşadığını hiss edirəm, axı. Hər oyundan sonra yata bilmirəm. Dostlarımla qəlyanımı çəkib gedirəm. Qəlyan çəkməsəm belə, yazmağa nə isə tapacaqlar".
Təcrübəli mütəxəssis bu gün insanın gördüyü işə qiymət verilmədiyini deyib: "Yazırlar ki, "Tərlan Antalyada filankəslə oturub qəlyan çəkdi". Tərlan narkotik çəkmədi ki?! İçki içib haradasa yatmadı ki?! Qəlyanın mənim işimə və ya ətrafıma hansısa pis təsiri olmur, axı. Öz canıma ziyan edirəmsə, bu, mənim işimdir. Nəyi nə zaman edəcəyimi özüm bilirəm. Eşidirsən ki, dahi məşqçilər hər oyundan sonra qırmızı şərab içir, əsəblərini sakitləşdirirlər. Bu gün onu mən etsəm, adıma milyon dənə yazı yazacaqlar".
Əhmədov qəlyan çəkdiyini heç kimdən gizlətmədiyini bildirib: "Bəli, qəlyan çəkirəm. İşimi yox, restoranda, barda yeyib-içməyimi güdəcəklərsə, buyursunlar. Heç vaxt bunu gizli etməmişəm. Çünki qorxacağım bir şey yoxdur. Amma düşkünü də deyiləm. Nə üçün yazdıqlarını bilirəm. Əslində onlar antireklamla məni reklam edirlər. Bu cür hallar isə məni daha da ruhlandırır. Hər şeyə pozitiv yanaşıram. Demək, öndəyəm ki, belə şeylər yazırlar. Arxada olsaydım, yazmazdılar".