Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın Sporting klubunun baş məşqçisi Joze Pezeyru komandasının məqsədlərindən danışıb.

Offsideplus.az xəbər verir ki, "A Bola" nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis Avroliqada qrupu birinci yerdə başa vurmağı hədəflədiklərini bildirib. Onun sözlərinə görə, qarşıdakı turda evdə İngiltərə Arsenal-ını məğlub etmək şansları var: "Bunun çətin olacağını bilirik, ancaq əlimizdən gələn hər şeyi etməyə hazırıq". 

Klubun hazırkı vəziyyətindən də danışan portuqaliyalı baş məşqçi daxili çempionatda ən yaxşı oyunçulara sahib olduğunu söyləyib: "Komandanı yenidən qururuq. Oyunçularımıza güvən hissini aşılamağa çalışırıq. Biz birlikdə titullar qazanmaq istəyirik, bunun üçün də birləşməli və məqsədlərimizə köklənməliyik. Məğlubiyyətlər bizi yolumuzdan döndərməyəcək. Çempionatda ən yaxşı oyunçulara sahibəm və biz uğurlar əldə edəcəyik".

Qeyd edək ki, Avropa Liqasının E qrupunda yer alan Sporting Qarabağla ilk turda üz-üzə gəlib. Lissabonda keçirilmiş görüş “ağ-yaşıllar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar. Sporting-lə Arsenal arasındakı oyunlar isə oktyabrın 25-də və noyabrın 8-də olacaq. Hazırda İngiltərə və Portuqaliya təmsilçiləri hərəyə 6 xalla E qrupunda ilk 2 yeri tuturlar. Sonrakı 2 yerdə gedən Ukrayna Vorskla-sı ilə Qarabağ-ın isə hələ xalı yoxdur. (report)