"Neftçi" bu gün Keysuke Hondanı ictimaiyyətə təqdim edəcək.

Öncə tibbi müyinədən keçəcək, sağlıq durumunda problem aşkarlanmasa, mövsümün sonuna qədər nəzərdə tutulmuş sözləşməyə qol çəkəcək. Və ən sonda "zoom" formatında təşkil olunacaq mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.

İndiki məqamda azarkeşləri maraqlandıran suallardan biri "Milan"ın sabiq futbolçusunun "Neftçi"də hansı nömrə altında çıxış edəcəyidir.

Offsideplus.az xəbər verir ki, Yaponiya millisinin sabiq kapitanı karyerası ərzində bütün nömrələrin "dadına baxıb". "Naqoya Qrampus"da öncə "39", sonra ""24", "Venlo"da "29"la "10", ÇSKA-da "7", "Milan"da "10", "Paçuka"da "2", "Melbrun Viktori"də "4", "Vitess"də "33", "Botafoqo"da və Yaponiya millisində "18" və "4"...

Göründüyü kimi, futbolka nömrəsi Honda üçün xüsusi əhəmiyyət daşımır. Bəlkə də daşıyır, sadəcə, müqavilə bağladığı zaman istədiyi nömrələr münasib olmayıb deyə başqa nömrələrdən istifadə edib. Görünən odur ki, "10"la "4"ə xüsusi rəğbəti var.

"Neftçi"də "4"ün sahibi var, gənc braziliyalı Rener Alves oyunlarda olmasa da, isinmə hərəkətləri zamanı bu nömrəni kürəyində daşıyır. Klub rəhbərliyi "4"ü Keysukenin "adına keçirmək" üçün öncə Renerin razılığını almalıdır, daha sonra nömrə dəyişikliyi ilə bağlı PFL-ə müraciət edib, cavab gözləməlidir. Qurumun Texniki İdman Şöbəsinin rəhbəri Elgiz Abbasov saytımıza verdiyi məlumatda nömrə dəyişikliyi ilə bağlı "ağ-qaralar"ın PFL-ə müraciət etmədiyini bildirdi. 

Dünən Saman Nərimancahanla müqaviləyə xitam verilməsindən sonra Hondanın sevdiyi "10" sahibsiz qalıb. Bu isə o deməkdir ki, yeni transfer yeni komandasında topun dalınca "10"la birlikdə qaçacaq.