Tomas Tuxelin PSJ-dən ayrılması səmada şimşək effekti verdi.

Son 2 mövsümdə bu komandayla ölkə çempionluğu sevinci yaşayan, ötən mövsüm Çempionlar Liqasının finalına yüksələn komandanın çalışdırıcısı niyə getsin ki? Üstəlik, yayda müqavilə müddəti uzadılmış, cari avrokubok mövsümündə paytaxt təmsilçisi ÇL-in 1/8 final mərhələsinə yüksəlmiş, çempionatın sonuncu turunda isə “Strasburq” 4:0 hesabı ilə məğlub edilmişdi.

Bəs nə baş verdi? Alman çalışdırıcının getməsini kim istədi?

Offsideplus.az “Get French Football News”a istinadla xəbər verir ki, baş məşqçi ilə rəhbərlik arasındakı körpü mövsümlərarası fasilədə yanmağa başlayıb. Tuxel Edinson Kavani, Tyaqo Silva, Tomas Meunier kimi təcrübəlilərin qalmasını istəsə də, rəhbərlik onlarla yolların ayrılmasını istəyib. Təcrübəlilərin müəyyən fasilələrlə bir-bir komandanı tərk etməsi təcrübəli çalışdırıcını qəzəbləndirib.

Odur ki, bir müddət əvvəl mətbuat konfranslarının birində klubun başbilənlərinə mesaj göndərməyi lazım bilib: “bu ilki heyətdən ötən mövsümkü nəticələri tələb edə bilmərik”. Bu sözlər alışan körpünün yanıb kül olmasına gətirib çıxarıb.

Klubun idman direktoru Leonardonun dediklərinə nəzər salaq: “Biz, özünü PSJ-də xoşbəxt hiss edən insanlarla işləmək istəyirik. Qalmağa qərar vermisizsə, klubun mövqeyinə hörmət etməlisiz”.

Bu mesajdan sonra Tuxelin komandada qalması möcüzə olardı. Qısası, rəhbərliklə baş məşqçinin futbola baxış bucaqları arasındakı fərqlilik yekun nəticədə özünü göstərib.