"İlk oyun idi. Komandanı yaxından tanımırsan, üstəlik, burada meydança, ələlxüsus hava amili də önəmli rol oynayır. "Qarabağ" əgər belə şəraitdə qalib gəlibsə, bu, böyük şeydir".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov deyib. O, "Qarabağ"ın ötən gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Cəbəllüttariq "Linkoln"u ilə keçirdiyi matç (1:2) haqda danışıb.
Sultanov, Ağdam təmsilçisinin çətin şərtlər altında qələbə qazandığını bildirib. O, Qurban Qurbanovun yetirmələrinin cavab qarşılaşmasında rəqib qapısından dörd-beş top keçirə biləcəyini də söyləyib:
"Düşünürəm ki, cavab qarşılaşması təmsilçimiz üçün çox asan keçəcək. Hətta deyərdim ki, "Qarabağ" "Linkoln"un qapısından azı dörd-beş top keçirəcək".
Qeyd edək ki, iyulun 19-u tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Linkoln" matçı saat 20:00-da start götürəcək.
Xatırladaq ki, Ağdam təmsilçisi bu rəqibi keçə bilsə, növbəti mərhələdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Daşqın Əziz