"Qarşılaşma tam olaraq "Qarabağ"ın üstünlüyü ilə müşayiət olundu. Lakin ilk oyun idi deyə, təmsilçimiz üçün çox ağır keçdi".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycanın tanınmış futbol funksionerlərindən biri Ceyhun Sultanov deyib.
O, Ağdam təmsilçisinin ötən gecə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində səfərdə Polşa "Lex"inə 0:1 hesabı ilə məğlub olduğu görüşlə bağlı fikirlərini bölüşüb.
Sultanov "köhlən atlar"ın cavab qarşılaşmasında mərhələnin taleyini həll edəcəyinə ümid bəslədiyini söyləyib: "Məncə, ikinci görüşdə "Qarabağ"ın şansı var və mərhələni keçə biləcək. Ümid edirəm ki, Qurban Qurbanovun yetirmələri hazırlıqlardan sonra optimal formasını bərpa edəcək. Bir sözlə, "Qarabağ"ın Bakıdakı matçda cütün taleyini həll edəcəyinə inanır və ümid edirəm".
Xatırladaq ki, komandalar arasında cavab görüşü 12 iyulda Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Daşqın Əziz