"İlk növbədə "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Hər iki komanda yaxşı oyun göstərdi. Çox kobud səhvlərə yol verdik. Bu yanlışları əfv edə bilmərəm. Çünki oyunda belə səhvlərə yol verilməməlidir".
Offsideplus.az xəbər verir ki, bu sözləri Tbilisi "Dinamo"sunun baş məşqçisi Kaxaber Tsxadadze Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında "Neftçi"yə ümumilikdə 2:4 hesabı ilə uduzaraq turnirlə vidalaşdıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Azərbaycanda, Qazaxıstanda işləmisiniz, hazırda Gürcüstanda çalışırsınız. Baş məşqçisi olduğunuz komandalar daxili çempionatlarda yaxşı çıxış etsə də, Avrokuboklarda uğur qazana bilmir. Bunun səbəbi nədir?
- Bu, hər kəsin günahıdır. Kimisə konkret olaraq günahlandırmaq olmaz.
- "Neftçi"nin ikinci mərhələdə - "Olimpiakos"la oyunda şanslarını necə qiymətləndirirsiniz?
- Bu barədə heç nə deyə bilmərəm. "Neftçi"ni heç kimdən az sevmirəm. Komandanı da, rəhbərliyi də çox gözəl tanıyıram. Bizim dostluq münasibətimiz var.
- Qeyd etdiniz ki, səhvlərinizin ucbatından mərhələni keçə bilmədiniz. Nələr olsaydı, üstünlük qazana bilərdiniz?
- İlk olaraq onu demək istəyirəm ki, heç bir komandaya belə ciddi səhvlər buraxmaq yaraşmaz. Onu da deyim ki, hansı kollektiv penalti vurursa, o, qalib komandadır.
- Vaxtı ilə futbolçunuz olan Samir Abasova uduzmaq necə hissdir?
- Futbol komanda oyunudur, boks deyil. Biz Samirlə dalaşmamışıq. Sadəcə, futbol oynamışıq. Xahiş edirəm, ciddi suallar verin.