"Dinamo"(Tbilisi) köklü komandadır. Bu görüş Qafqaz derbisi olacaq".

Bu sözləri Offsideplus.az-a "Neftçi" klubunun sabiq baş məşqçisi Tərlan Əhmədov "ağ-qaralar"ın UEFA Çempionlar Liqasının l təsnifat mərhələsində Tbilisi "Dinamo"su ilə oyunundan əvvəl fikirlərini bölüşərkən deyib.

49 yaşlı mütəxəssis matçın "flaqman" üçün olduqca çətin keçəcəyini bildirib:

"Neftçi" heyətinə yeni oyunçular cəlb edib, ancaq bununla belə futbolçu axtarışındadırlar. "Dinamo"(Tbilisi) asan rəqib deyil. Sovetlər dönəmində də bu iki komanda arasında Qafqaz derbiləri baş tutub. Bu duellərdə həm "Neftçi"nin, həm də "Dinamo"nun uğurları var. Rəqib klubun tarixinə nəzər yetirdikdə, onların Kuboklar Kubokuna sahib çıxdığını da diqqətə çatdırmalıyıq. Bir neçə məşhur futbolçusu SSRİ yığmasında çıxış edib. İstər-istəməz böyük futbol məktəbinə sahibdirlər. Bu gün də bir neçə futbolçusu Avropada çıxış edir".

Əhmədov vaxtilə Bakının "İnter" klubunu çalışdıran və hazırda gürcülərin baş məşqçisi olan Kaxaber Tsxadadze barədə də danışıb:

"Rəqib komandanın baş məşqçisi hamımızın yaxşı tanıdığı Kaxaber Tsxadadzedir. Onun işinə bələdik ki, çox tələbkar və emosional bir məşqçidir. Məğlub olmağı sevmir. "Neftçi" üçün asan olmayacaq, ancaq istənilən halda hər iki komandanın şanslarını bərabər qiymətləndirərdim. Futbolçuların qarşısına qoyulacaq əsas strategiya qələbə qazanmaq istəyidir, düzgün qərarlardır. Səhv addım atılmamalı, düzgün heyət qurulmalıdır. Hər halda, bunun üçün "Neftçi"nin potensialı var. Yeni futbolçular cəlb olunub və komanda qələbə qazanmaq iqtidarındadır".

Hazırda işsiz olan təcrübəli mütəxəssis UEFA-nın səfər qolu qaydasını ləğv etdiyi qərarı barədə də fikirlərini bölüşüb:

"Səfər qolu məsələsinə artıq öyrəşmişdik. Təbii ki, hər klubun işina maneəçilik törədəcək bir qərardır. Ümumilikdə, artıq futbol yeni dönəmə qədəm qoyur. Bu mənada məşqçilərin işi daha da çətinləşir. Əvvəl komandalar səfərdə bir qol vurub ardınca müdafiəyə çəkilir və bununla üstünlük qazanaraq vaxt "udub" istəyinə çatırdı. Yeni qərar futbol adına intriqa yaradacaq. Yenə də bildirim ki, bu, ən çox məşqçilərin işini çətinləşdirəcək".

Xatırladaq ki, "Dinamo"(Tbilisi) - "Neftçi" matçı iyulun 7-də keçiriləcək.