İyulun 7-də Tbilisidə Boris Payçadze adına stadionda keçiriləcək "Dinamo" - "Neftçi" qarşılaşması İsraildən olan hakimlər briqadasına tapşırılıb.
Oyunda əsas söz sahibi 19990-cı il təvəllüdlü David Fuksman olacaq.
Offsideplus.az xəbər verir ki, beynəlxalq oyunlara 2017-ci ildən təyinat alan referi indiyə qədər 3-ü avrokubok, 6-sı milli komandalar səviyyəsində olmaqla 9 matçda görünüb. Lakin avrokuboklardakı 3 oyunun hər birində dördüncü hakim funksiyasını yerinə yetirib. Bu isə o deməkdir ki, karyerasında tarixi ilk yaşanacaq və Fuksman hakimlik karyerasında ilk dəfə avrokuboklarda baş hakim kimi görünəcək.
İsrailli referi 2 dəfə Bakıya səfər etməyə imkan tapıb. Birincisi 2018-ci ilə təsadüf edib. "Qarabağ" həmin il iyulun 18-də Çempionlar Liqasının təsnifat mərhələsində Bakıda "Olimpiya"nı qəbul edəndə David dördüncü hakim olub. Tofiq Bəhramov adına Respublika stadionundakı görüş qolsuz bərabərliklə başa çatmışdı.
Bakıya növbəti və sonuncu səfəri isə yaxın keçmişə təsadüf edib - bu ilin martın 30-na. Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Serbiyanı qəbul edəndə Fuksman dördüncü hakim idi. Canni de Byazinin yetirmələrinin serblərə 1:2 hesabı ilə məğlub olduğunu yəqin ki, xatırlayırsınız.