Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində baş tutan PSJ - "Mançester Siti" görüşündə qonaqlar 2:1 hesablı qələbəyə sevindi.
Hesabı meydan sahibləri açsalar da, ingilislər ikinci yarıda vurulan qollar hesabına sevinən tərəf oldu.
Offsideplus.az xəbər verir ki, görüşün sonlarına yaxın xoşagəlməz hadisə yaşanıb. Belə ki, epizodların birində Marko Verratti rəqib futbolçuya qarşı kobudluq edib. Hadisəyə yaxın olan və hakimin Markoya sarı vərəqə göstərməməsinə görə özündən çıxan Pep Qvardiolanın referiyə etirazları Verratinin səbr kasasını daşırıb. İtalyan futbolçu üzünü rəqibin baş məşqçisinə tutaraq "Sən nə istəyirsən? Sus!" şəklində narazılığını bildirib. Bu epizodu"Sky Sports İtalia"nın əməkdaşlarının diqqətindən yayınmayıb.
Qeyd edək ki, cavab qarşılaşması mayın 4-də "Ettihad"da keçiriləcək.