Yeni mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I  təsnifat mərhələsindəki 14 potensial rəqibi dəqiqləşib.

21 min xalı olan Ağdam təmsilçisi səpələnmişlər səbətində olacaq. Bu da o deməkdir ki, “Köhlən atlar”ın Itəsnifat mərhələsindəki rəqibi aşağı reytinq xalına malik komanda olacaq.
I təsnifat mərhələsində mübarizə aparacaq 34 komandada 31-i artıq bəllidir. Onlar 2 səbətə bölünəcək və hər siyahıda 17 komanda yer alacaq. Bir komanda ilkin mərhələdən bu siyahıya qoşulacaq. Orda iştirak edəcək iki klubun da adı artıq məlumdur – “Linfild” (Şimali İrlandiya) və “Tre Fiori” (San-Marino). Bu klubları da “Qarabağ” üçün potensial rəqib hesab etmək lazımdır. Çünki ilkin mərhələnin qalibi olacaq komandanın I təsnifatda “səpələnməyəcəyi” artıq bəllidir.
I təsnifat mərhələsinin səpələnmişlər səbətində isə “Qarabağ”la yanaşı, “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), Legiya (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferentsvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva), “Omonia” (Kipr) və “Sarayevo” (Bosniya və Herseqovina) klubları da yer alacaq. Eyni zamanda onlara Rumıniya çempionu qoşulacaq.
Son olaraq bu siyahıya daha əvvəl səbəti qeyri-müəyyən olan “Fola”nın (Lüksemburq) və Albaniya çempionu “Tirana”nın qoşulması ilə Ağdam klubunun potensial rəqiblərinin sayı 12-yə çatıb. Səpələnməmişlər səbətinin mövcud tərkibi belədir:

“Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “Tirana” (Albaniya), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta).

“Dinamo”nunun (Tbilisi, Gürcüstan) hansı səbətdə yer alacağı hələlik dəqiqləşməyib. Bu komandanın da səpələnməmilər səbətinə düşmə ehtimalı yüksəkdir.

“Səpələnməyənlər”dən olan Ermənistan çempionu “Ararat” qaydalara əsasən, “Qarabağ”a rəqibola bilməz. (Futbolpress.az)