“Sevilya” ilə oyunun xüsusi əhəmiyyəti var. Belə bir böyük komanda ilə qarşılaşmaq həmişə gözəl hisslər yaradır. Əgər bu ispan klubudursa, onda onun mənası daha artıq olur”.
Bu sözləri “Qarabağ”ın ispaniyalı legioneri Miçel ölkəsinin “Deportes ABC de Sevilla” nəşrinə müsahibəsində deyib.
O, Avropa Liqasının qrup mərhələsinin sentyabrın 19-da keçiriləcək “Qarabağ” – “Sevilya” matçı haqda danışıb. 34 yaşlı futbolçu İspaniyada çıxış etdiyi vaxtda “Sevilya”ya qarşı keçirdiyi ilk görüşləri də yada salıb: " Əvvəlcə "Sportinq Xixon", sonra isə "Xetafe" ilə "Ramon Sançes Pizxuan" stadionunda oynamışam. Püşkatmadan sonra komanda yoldaşlarıma həmin arenada oynamağın necə gözəl hiss olduğunu söylədim. "Sevilya"nın möhtəşəm stadionu var".
“Sevilya”nı Avroliqanın favoriti adlandıran Miçel bildirib ki, rəqibin heyətində çoxlu dəyişiklik olsa da, bu, nəyisə dəyişmir: “Onlar güclü olaraq qalırlar. “Sevilya” indi La Liqanın lideridir. Bu isə təsadüfi ola bilməz. Görünür, Xulen Lopeteqi komandaya fikirlərini çatdırmağı bacarıb. "Sevilya" Avropa Liqasını qazanmağa əsas namizədlərdən biri, bəlkə də elə birincisidir. Bizim çətin qarşılaşma gözləyir”.
"Sevilya"ya qarşı oynamağın mümkünlüyündən bəhs edən Miçel qrupdakı şanslarını da dəyərləndirib: "Çempionatda keçirdiyimiz oyunların hamısında hələ ki, qələbə qazanmışıq. Klubumuz çox yaxşı təşkil olunub, hər il addım-addım irəli gedirik. Artıq neçə ildir ölkə çempionu oluruq, Avropa kuboklarında da inkişaf edirik. İki il əvvəl Çempionlar Liqasında "Çelsi"yə qarşı oyunlar istisna olmaqla, hər şey yaxşı idi. "Atletiko" ilə hər iki görüşdə bərabərə qaldıq. Məncə, onları təəccübləndirdik. "Atletiko"ya qarşı oynamaq gözəl idi. Çünki belə matçlarda gözləntilər böyük olur. "Sevilya"ya qarşı da aqressiv oynamalıyıq. Onlarla başabaş oynamağın mümkünsüz olduğunu söyləmək doğru olmaz. Amma bizi necə ağır sınağın gözlədiyini bilirik”.
“Azərbaycan dilində yalnız bir neçə söz bilirəm: "Salam, sabahınız xeyir"
Miçel “Qarabağ”ın qrupdakı digər rəqibləri barədə də fikirlərini söyləyib. O bildirib ki, "Düdelanj"la üç il əvvəl təsnifat mərhələsində qarşılaşıb və qalib gəliblər: “Bu yay isə APOEL-lə də görüşdük. Kiprdə biz, Azərbaycanda onlar qalib gəldi. Düşünürəm ki, "Düdelanj" və APOEL-i üstələyə bilərik. Ancaq bunu meydanda sübut etməliyik".
Miçel "Sevilya"nın hazırda yaxşı formada olduğunu vurğulayıb. Həmçinin onlarla oynamaq üçün ən ideal vaxt olduğunu düşünür: "Sevilya" hazırda yaxşı durumdadır. Düzdü, Bakı küləkli şəhərdir. Amma hazırda 20-25 dərəcə isti var. Bakı Avropa həyatı keçirən şəhərdir. Azərbaycan dilində yalnız bir neçə söz bilirəm: "Salam, sabahınız xeyir". Dili çox mürəkkəbdir. Buranın insanları çox nəzakətlidir. Bakıda rahat yaşayırıq".
Futbolçu oyunlardan bir gün əvvəl toplaşdıqlarını və onlar üçün ayrılmış otaqlarda qaldıqlarını bildirib: "Burda bütün oyunlara bir gün əvvəldən konsentrasiya oluruq. Bir yerə toplaşıb, öz otaqlarımıza çəkilirik. Məsələn, ötən bazar günü "Neftçi"yə qarşı keçirdiyimiz oyundan bir gün əvvəl günorta saat 2-dən diqqətimizi bu matça yönəltdik. Gec-tez buna öyrəşirsən". (qol.az)