Çempionlar Liqasının 1/8 final mərhələsinin ən maraqlı dueli, şübhəsiz ki, "Liverpul"la "Bavariya" arasında keçiriləcək.
Offsideplus.az xəbər verir ki, komandalar arasında ilk görüş sabah "Enfild Roud"da baş tutacaq.
Oyunöncəsi hər iki tərəfin bir neçə üzvü fikirlərini bildirib, şansları dəyərləndirib...
Niko Kovaç ("Bavariya"nın baş məşqçisi):"Bizim hələ də hər 3 turnirin qalibi olmaq şansımız qalır. Çempionlar Liqasında uğura ehtiyacımız var. Oyuna hansı əhval-ruhiyyədə çıxmağımız çox önəmlidi. Özümüzü aldatmayaq, şanslar yarı-yarıyadı. "Auqsburq"la oyundakı səhvləri "Liverpul"la görüşdə təkrarlamaq olmaz. Çünki Salah, Mane, Firmino kimi hücumçular bunu bağışlamaz".
Manuel Noyer ("Bavariya"nın qapıçısı): "Auqsburq"la çempionat oyununda çox səhvlər etdik. Amma "Liverpul"un oyunlarda qol vurmaq şansları daha yüksək olur. İngiltərədə qapının toxunulmazlığını qorumaq üçün düzgün müdafiə olunmalı və mütəşəkkil şəkildə hərəkət etməliyik".
Aryen Robben ("Bavariya"nın yarımmüdafiəçisi): "Liverpul" son vaxtlar çox inkişaf edib. Onların məşqçiləri böyük iş görür. "Liverpul" milyon ildi ölkə çempionatının qalibi ola bilmir. Bu səbəbdən çempionluğu xəyal edirlər. Rəqibi mütləq qiymətləndirmək lazımdı. Hər zaman sevimli və arzuolunmaz rəqiblər olur. Bu baxımdan "Enfild Roud"u ən pis stadion hesab edirəm. "Çelsi"də olarkən "Liverpul"un kubok turnirlərində ciddi rəqib olduğunu görmüşəm. 1-2 oyunda yüksək performans göstərirdilər. Ancaq mövsüm boyu bunu davam etdirə bilmirdilər".
Allison Beker ("Liverpul"un qapıçısı): "Bavariya"nın çox güclü komanda olduğunu bilirik. Yurgen Klopp onları yaxşı tanıyır. Yaxşı futbolçuları, əla müdafiəçiləri var. Həmçinin Noyeri böyük rəqib sayıram. Onlarla qarşılaşacağımız üçün püşkatmadan məmnun qaldım. Vircil van Diyk olmasa da, bir oyunçunun yoxluğu komandaya ciddi təsir etməz. Hamı bir-birini yaxşı başa düşür və meydanda əlaqələr yüksək səviyyədədi".
Xerdan Şakiri ("Liverpul"un yarımmüdafiəçisi): "Bavariya" ilə düşdüyümüz zaman çox sevindim. Çünki köhnə komandamla qarşılaşmaq və ordakı dostlarımla görüşmək istəyirdim. Almaniyada əla iki il keçirmişəm, Çempionlar Liqası da daxil olmaqla bir neçə titul qazanmışam. O, "Bavariya" tarixinin ən güclü komandası idi. Klubla bağlı gözəl xatirələrim var və heç vaxt unutmaram. İkinci oyunu səbirsizliklə gözləyirəm. Münhendə qələbə qazanıb, mərhələ adlamaq istəyirik".
Ditmar Hamann ("Liverpul" və "Bavariya"nın sabiq futbolçusu): "Bavariya" "Liverpul"la qarşılaşmaq istəməzdi. Püşk onlara ən çətin komandanı rəqib edib. "Liverpul" Premyer Liqada çox güclənib. "Bavariya" isə kövrək komandadı. Belə müdafiə ilə "Liverpul"a qarşı açıq futbol oynayacaqlarını düşünmürəm". (matc.az)