Azərbaycan Karate-Do Federasiyasının üzvləri ilin ilk yarışına qoşulublar. Qurumun idmançıları BƏƏ-də keçirilən beynəlxalq turnirdə mübarizə aparıblar.

Offsideplus.az xəbər verir ki, millimiz səfərə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti Arif Məmmədovun rəhbərliyi altında 30 nəfərlik heyətlə yollanıb.

Karateçilərimiz yeniyetmə, gənclər və böyüklər arasında mükafatlara iddialıdırlar. 5-i qızıl, 3-ü gümüş, 5-i bürünc olmaqla ümumilikdə 13 medal qazanan karateçilərimiz komanda hesabında 3-cü yerə çıxıblar.

Böyüklər arasında yeganə qızıl medalı Samir Məmmədov qazanıb.

O, 84 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib. Humay Həsənli fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Aşağı yaş qruplarında isə Xədicə Mürsəlova, Zəki Cəfərzadə, Xədicə Vəlizadə, Musa İsmayılov qızıl, Amil Abbaslı, Vüqar Əzizli, Rəsul Abbasov gümüş, Davud Muradov, Eldar Qurbanlı, Ağgül Əsgərova və Hüseyn Muxtarzadə bürünc mükafata layiq görülüb.

Bununla da qurumun idmançıları Federasiyanın təsis etdiyi illik cədvəldə aktivlərinə ilk reytinq xallarını yazdırıblar.

Qeyd edək ki, turnirdə 19 ölkədən 600-ə yaxın idmançı qüvvəsini sınayıb.