Karateçilərimiz Bakıda keçirilən Premyer Liqa turnirini 3 qızıl və 3 bürünc medalla başa vurub.
Offsideplus.az xəbər verir ki, kişilərin 60 kiloqram çəki dərəcəsində yer alan Əminağa Quliyev qızıl medal uğrunda həlledici dueldə misirli Kərim Aboeitta ilə gərgin keçən döyüşdən qalib ayrılıb – 6:5.
Qadınların 68 kiloqram çəki dərəcəsində yarışan dünya çempionu İrina Zaretska finalda 2019-cu ildə Minskdə keçirilmiş 2-ci Avropa Oyunlarının finalında uduzduğu Silvia Semerarodan (İtaliya) üstün olub. 5:5 bitən görüşdə qələbə Zaretskaya verilib.
Kişilərin 84 kiloqramdan yuxarı çəkisindəki Asiman Qurbanlı Taha Mahmuda (Misir) 2:1 qalib gələrək qızıl medal qazanıb.
Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) isə üçüncü yer uğrunda görüşlərini qələbə ilə başa vuraraq yarışı bürünc medalla tamamlayıblar.