Peşəkar döyüşlərin qalibi, dünya kuboku mükafatçısı kikboksçumuz Şikar Bədəlov ölkəyə qayıdıb.

Offsideplus.az xəbər verir ki, idmançımız Türkiyənin Konya şəhərində kəmər döyüşündə qalib gəldikdən sonra vətənə dönüb.

İranlı İbrahim Xezai ilə qarşılaşan Bədəlov elə birinci raundun ilk dəqiqəsində rəqibini nokautla məğlub etmişdi. Hava limanında böyük coşqu ilə qarşılaşan idmançımız bu qələbəni şəhidlərimizə, qazilərimizə və hərbçilərimizə həsr etdiyini bildirib.

"44 günlük müharibədən sonra, sanki xüsusi motivasiya ilə çıxıram döyüşlərə. Qalib xalqın idmançısına da yalnız qələbə yaraşır. Bu qələbəmi şəhidlərimizə, qazilərimizə və hərbçilərimizə həsr edirəm. Döyüşə gəlincə, rahat alındı. İlk saniyələrdə qazandığım üstünlüyü elə ilk dəqiqədə nokauta çevirdim. Artıq kəməri rəqibimdən aldım. Daha bir döyüşə çıxıb kəməri müdafiə edəcəyəm. Bu uğurumda ən böyük pay sahiblərindən biri də məşqçim Hikmət Hacıyevdir. Ona təşəkkür edirəm".

Kikboks millimizin böyük məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyev isə saytımıza açıqlamasında bu uğurun təsadüfi olmadığını vurğuladı: "Bu qələbə təsadüf deyil. Çəkilən əziyyətin bəhrəsidir. Şikarla fəxr edirəm. Əzmlə məşq edib, istəyinə nail oldu. Ümid edirəm ki, kəməri müdafiə döyüşündə də qələbə qazanacaq".