Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 3 cüdoçusu mübarizəyə qoşulub. 66 kq çəkidə Nicat Şıxəlizadə əvvəlcə veytnamlı Quoc Xuanu, ardınca qazaxıstanlı Yerlan Serikcanovu məğlub edib. O, 1/16 finalda qırğızıstanlı Almaz Altınbek Uuludan da güclü olub.
Şıxəlizadə 1/8 finalda Məhəmməd Abdelmaugoud (Misir) - Yusuf Nurkoviç (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.
52 kq çəkidə Gültac Məmmədəliyeva mozambikli Jaciro Ferreyraya qalib gəlsə də, 1/16 finalda özbəkistanlı Diyora Keldiyorovaya uduzub. Eyni çəkidə çıxış edən Larisa Aleksandra Florian isə Honq-Konq cüdoçusu Şuk Ki Çuidən güclü olsa da, 1/16 finalda rusiyalı Natalya Kuzyutina ilə bacarmayıb.
Qeyd edək ki, ilk yarış günündə mübarizə aparan Azərbaycanın 3 təmsilçisi - Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı və Əliyeva Leyla (hər ikisi 48 kq) fəxri kürsüyə yüksələ bilməyiblər.