14 avqust tarixində Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində MMA idman növü üzrə "Fury FC 67 - UFC Fight Pass" turniri baş tutub. 

Offsideplus.az xəbər verir ki, ABŞ-də yaşayan həmyerlimiz Hüseyn Əliyev  65.7 kq çəki dərəcəsində çempionluq kəməri üzrə döyüşdə rəqibi üzərində tam nəzarət edərək qələbə qazanıb və çempion adına sahib olub. Həmyerlimiz rəqibi olan keçmiş çempion Neyt Riçardsonu döyüşün 4-cü hissəsində rəqibini nokdauna göndərib, lakin döyüşü vaxtından öncə bitirmək alınmayıb. Son olaraq 5 raundun nəticəsinə görə çempionluq adını və turnirin kəmərini həmyerlimiz əldə edib.

Hüseyn Əliyev döyüşdən sonra öz baş məşqçisi olan güney azərbaycanlı Nima Mazhari, "American Kickboxing Academy"-dən baş məşqçi Xavyer Mendez, Həbib Nurməhəmmədov və digər kamp yoldaşlarına və dəstəkçilərinə təşəkkür edib. O, nitqinin sonunda UFC prezidenti Dana Vayt və matç meyker Şon Şelbiyə müraciət edərək müqavilə göndərilməsinin vaxtı gəldiyini bildirib.

Qeyd edək ki, Riçardson Hüseyn Əliyevin ardıcıl məğlub etdiyi 3-cü çempion olub. "FURY FC" liqasındakı ötən döyüşündə azərbaycanlı idmançı keçmiş "Combat Global" çempionu və "Ultimate Fighter" şousunda iştirak etmiş Andres Quintana üzərində qalib gəlmişdi. Turnirdəki ilk döyüşündə isə həmyerlimiz "Fury FC"-nin eyni çəkidə çempion olmuş Braziliya Cui-Citsu idman növü üzrə qara kəmər sahibi Kameron Qraves üzərində qələbə qazanmışdı.

Son 3 döyüşündə 3 çempion üzərində qələbə çalaraq həmyerlimiz dünyaca məşhur və MMA idman növü üzrə nömrə 1 şirkəti olan UFC-yə çıxmaq şansını maksimallaşdırıb. Hüseyn Əliyevin daxil olduğu menecment şirkəti ən qısa zamanda UFC şirkəti ilə danışıqlara başlayacaq.

 

IMG 20220814 WA0009

 

IMG 20220814 WA0010

IMG 8556