Çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi və yunan-Roma güləşi üzrə millinin keçmiş üzvü Oyan Nəzəriani ölkə idmançılarına səslənib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı güləşçi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib. Bu məsələ ilə bağlı o, öz “instaqram” səhifəsində paylaşım edib.
“Azərbaycan səfirliyinə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram! Şübhəsiz ki, bu hücum cəzasız qalmayacaq”, – sözlərini yazan Nəzəriani bütün Azərbaycan idmançılarını bayraqla olan şəkillərini paylaşaraq, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıb.
O, fikirlərini Bəxtiyar Vahabzadənin “Bayraq” şeirindəki misralarla yekunlaşdırıb:
Bayraq mənliyimdir, bayraq kimliyim
Bayraq öz yurduma öz hakimliyim.