Dünya Olimpiya Təsnifat Turnirində 5 yunan-roma güləşçimiz mübarizəyə qoşulub.
Offsideplus.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən turnirdə Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq) və Rafiq Hüseynov (77 kq) təsnifat, Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) 1/8 final mərhələsindən yarışa başlayıb.
Təmsilçilərimizdən yalnız Hüseynov yarımfinala yüksələ bilib. O, mübarizəyə yarımfinal mərhələsindən başlamalı olsa da, Hyenvu Kim (Koreya) görüşə çıxmadığı üçün azərbaycanlı pəhləvan 1/8 finala adlayıb. Təcrübəli pəhləvan növbəti görüşlərində Qurpret Sinq (Hindistan) və Abd Elkrim Ouakalini (Əlcəzair) məğlubiyyətə uğradıb. Yarımfinalda rəqib Viktor Nemes (Serbiya) olacaq.
Məmmədov ardıcıl olaraq, Stiq Andre Berqe (Norveç) və Maksim Kajarskiyə (Belarus) qalib gəlsə də, 1/4 final mərhələsində Hanyae Çunqa (Cənubi Koreya) uduzub.
Çunayev Donior İslamov (Moldova) və Deyvid Dimitrovu (Bolqarıstan) yenməsinə baxmayaraq, əslən azərbaycanlı Pərviz Nəsibova (Ukrayna) məğlub olub.
Lokyayev ilk görüşdəcə Nikolos Kakelaşviliyə (İtaliya) uduzub. Kandelaki isə Oskar Marviki (Norveç) mübarizədən kənarlaşdırsa da, Rafal Krajevskinin (Polşa) müqavimətini qıra bilməyib.