Qış fasiləsində Atilla Szalayı heyətinə qatıb, Mesut Özili müqavilə bağlamaq üçün İstanbula dəvət edən "Fənərbağça"da ayrılıqlar qaçılmazdır.
Baş məşqçi Erol Bulut bir neçə futbolçunun xidmətində maraqlı deyil ki, onların adına aydınlıq gəlib.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nabil Dirar növbəti mövsümdə sarı-lacivərdli formanı geyinməyəcək. Yayda klubla müqaviləsi başa çatacaq mərakeşli futbolçu artıq indidən özünə yeni iş yeri axtarır. Təklif olsa, "Fənər" Dirarı günü sabah buraxacaq.
Xeyli vaxtdır zədədən əziyyət çəkən və buna görə əməliyyata ehtiyac duyan Dieqo Perotti da yol üstdədir. Müalicəsi 3-8 ay vaxt aparacaq argentinalı futbolçunun zədədən sonra komandaya yararlı olacağı inandırıcı görünmür. Odur ki. rəhbərlik "11 nömrə" ilə qarşılıqlı razılıq əsasında ayrılmaq istəyir.
Kemal Ademinin başının üstünü qara buludlar alıb. Ümidləri doğrultmayan futbolçu "Fənər"i tərk edəcək. Kemalın hansısa komandaya icarəyə veriləcəyi gözlənilir. İsveçrəli oyunçu ilə Super Liqa klubları maraqlanır.
Daha bir ayrılıq isə komandanın ulduz futbolçusu ilə yaşana bilər. Klub və komandada hər kəs Ozan Tufandan razıdır, bu öz yerində. Sadəcə. Avropadan çoxsaylı təkliflər var deyə, rəhbərlik pul qazanmaq, həm də millinin maraqları naminə Ozanı satmağa hazırdır. 25 yaşlı futbolçuyla La Liqa. Premyer Liqa və Rusiya təmsilçiləri maraqlanır.