Çempionluq uğrunda mübarizə aparan "Fənərbağça"da vəziyyət yaxşı deyil.

Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əcnəbi klubların Ozan Tufan üçün etdiyi təkliflər klub rəhbərliyini iki yerə bölüb. Belə ki, İngiltərə Premyer Liqasında çıxış edən "Kristal Pelas"la Rusiya elitasının təmsilçisi ÇSKA Türkiyə millisinin üzvünü heyətinə qatmaqda israrlıdır. Hər iki klub "Fənər"ə təklif göndərib. Nəzərdə tutduqları məbləğ isə 10 milyon avrodur. Təbii ki, "sarı-lacivərdlilər" transfer qiymətini az hesab etsələr, ingilislərlə ruslar nəzərdə tutan pulun üstünə əlavə edə bilər. Təki Ozanı almaq mümkün olsun.

Vəziyyətin belə olması rəhbərlikdə təmsil olunan bəzi şəxslərin ürəyincə deyil. Bəzi şəxslər Ozanın xaricə yollanmasını həm Türkiyə futbolunun inkişafı, həm də maddi qazanc baxımından sərfəli hesab edir. Lakin bir qrup da var ki, onlar cari mövsümdə çempionluğa oynayan komandanın aparıcı simasını itirməsini istəmir. Müzakirələr davam edir..

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 15 matçda 4 qol vurub, 5 qolun ötürməsini verib.