Şahmat üzrə ilk dünya çempionu Vilhelm Steinitzin xatirəsinə blits üzrə onlayn turnir keçirəcək.
Offsideplus.az xəbər verir ki, FİDE prezidenti Arkadi Dvorkoviçin seçiminə əsasən baş tutacaq turnirdə 10 kişi və 10 qadın şahmatçı mübarizə aparacaq. Kişilərin yarışında Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edəcək. Onun rəqibləri Maqnus Karlsen (Norveç), Aleksandr Qrişuk, Pyotr Svidler, Daniil Dubov (hər üçün Rusiya), Ceffri Syun (ABŞ), Bu Syançji (Çin), Le Kuanq Lyem (Vyetnam), Anton Korobov (Ukrayna) və Anton Qixarro (İspaniya) olacaq.
Oyunlar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik olacaq. Qalib 2 dövrənin yekununa əsasən müəyyənləşəcək. Kişilərin turnirinin mükafat fondu 18 min avro olacaq. Qalib 4500 avro qazanacaq. Bundan başqa, hər partiyanın qalibi əlavə 100 avro əldə edəcək.
Mayın 15-də start götürəcək yarış 3 gün davam edəcək.