Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsinin ilk turlarında Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olaraq Azərbaycana xalsız dönür.
Azərbaycan milli komandasının sabiq üzvü Mahir Şükürov Offsideplus.az-a müsahibəsində yığmamızın son oyunları, qrupda şansı, milliləşdirmə siyasətindən danışıb.
- Azərbaycan millisinin 0:5 hesablı rüsvayçı məğlubiyyəti ilə bağlı fikirlərinizi bölüşərdiniz.
- Yığmanın bu vəziyyətdə olmasının səbəbi Veteranlar Şurasının düzgün seçim etməməsi, baş məşqçiyə güvənmələri, məşqçinin düzgün taktika seçməməsi, milli komandaya düzgün futbolçuların cəlb olunmamasıdır. 5 zəif ölkəyə qalib gəlib, insanları aldadırlar ki, inkişaf var. Güclü rəqib seçib, oynayın ki, AVRO-2024-ün seçmə mərhələsində mübarizə apara biləsiz. Bu da faktiki göstərdi ki, heç bir inkişaf yoxdur. Milli komandaya oyunçular tanışlıqla götürülür, siyahıyla futbolçu verilir. O qədər acı məğlubiyyət, iki oyuna 9 qol. Vallah, utandırıcıdır. Mən şəxsən çox utanıram. Ora gedən milli komanda gəlib, futbol icmasından üzr istəməlidir. Bəzi insanlar isə istefa ərizələrini yazsınlar ki, biz bu işin öhdəsindən gələ bilmirik. İşini bacaranlar gəlib çalışsın.
- Sağ cinah Höccət Haqverdiyə tapşırılmışdı...
- Birincisi, Höccəti milliləşdirən insanlar çıxıb, cavab versinlər! Höccət kimi futbolçunu milliləşdirib, ona Azərbaycan passportunu niyə veriblər? Onun əvəzinə “Sabah”dan Amin Seydiyevi oynatmaq olar, ondan min dəfə yaxşı oynayır. 30 yaşından sonra legionerləri milliləşdirirlər, bir tsikl, 3-4 oyun oynayırılar. Sonra yola salırlar, çıxıb gedirlər və bir də çağırmırlar. Federasiyada bu işlərə baxanlar Azərbaycan passportunu ucuzlaşdırıblar. Kimə gəldi Azərbaycan passportu verirlər. Mehmet Aureliodan Türkiyə vətəndaşı olması üçün himn öyrənməyi tələb edirdilər, yoxsa passport vermirdilər. Himni öyrənəndən sonra ona passport verildi və Türkiyə millisində oynamağa başladı. Amma bizim milli komandamızda deyirlər, ağzınızı yalandan tərpədin, guya himn oxuyursunuz.
- Son dönəmlərdə Abdullah Zubirin milliləşdirilməsi ilə bağlı məlumat yayılıb. Legionerlərin milliləşdirilməsinə münasibətiniz necədir?
- Mən şəxsən, 30 yaşında futbolçunu milliyə dəvət etmərəm. Gəlib bir tsikl oynayacaq, 32 yaşı olacaq. Digər tsikldə 33-34 yaşına çatacaq və artıq bu futbolçu lazım deyil. Bütün legionerlərə pul verib, gətirirlər. 5 manat onlara verirlərsə, 23-24 yaşlı futbolçularımıza 10 manat versinlər, ən azından gəlib, 6-7 il millidə xidmət edəcək. 30 yaşlı futbolçunu milliləşdirdilər, bu gün oynatmırlar. İranlı Əli Qurbanini yada salaq. Gətirib, passport verib, 2 oyun oynatdınız, indi də çağırmırsız milliyə. Ümumiyyətlə, milliləşdirməyi yığışdırmaq lazımdır. Onlar bizim hansı futbolçu uşaqlarımızdan artıqdır?
- Canni de Byazi milli komandadakı gələcəyinə müqaviləsi başa çatandan sonra qərar verəcəyini söylədi...
- Azərbaycan millisinə gəlirsənsə, yəqin ki, qabaqcadan bunu araşdırırsan ki, hansı ölkəyə, yığmaya gedirsən. Özünə hörmət edən məşqçi gəlib, söz verməz ki, qrupa düşəcəm. Baş məşqçilərin Azərbaycan millisinə pula görə gəldiklərini bilirik. Əlbəttə ki, De Byazi yığmadan ayrılmayacaq. Onu hansısa milli komanda istəsə, çoxdan gedərdi. 1-2 oyun uduzandan sonra, dərhal AFFA-dan yalandan xəbər yazdırırlar ki, filan milli komanda və ya klub Canni de Byazini istəyir. Milliyə yeganə real namizəd Qurban Qurbanovdur. Lakin o, “Qarabağ”dan ayrılsa, komanda itirə bilər. Q.Qurbanov sırf “Qarabağ” üçün yaranıb, ailədirlər. Onun verdiyi xeyri digər baş məşqçi Ağdam təmsilçisinə verə bilməz. Başqa namizədlər seçmək lazımdır. Ümumiyyətlə, dəyişikliklər olmalıdır. AFFA-ya yeni nəfəs gərəkdir. 18 ildir artıq, digər yığmalar 5 ilin içində inkişaf edir. 15-18 il içində 300-ə qədər futbolçuya passport verilib.
- Bu iki oyundan sonra yığmanın qrupda şansı var?
- Azərbaycanın şansı olduğunu deyənlərin futbol biliyi yoxdur. Bu iki oyun hər şeyi göstərdi. Yayda Belçika ilə oynayacaqlar. Belçika səfərdə İsveçə 3 qol vurursa, düşünün, indi bizə nələr olacaq. Berti Foqtsun vaxtında evdə Belçika ilə 1:1 etmişdik. Layiqli mübarizə apardıq. Demək olar ki, 80%-i eyni heyətdir; Hazard, Lukaku oynayırdı. Siz də çalışın, oynayın da. Estoniya millisi belə hazırda bizə 3 xal gözü ilə baxır, həm səfərdə, həm də evdə. Ona görə də Azərbaycan millisinin qrupda şansı olmasından söz gedə bilməz.
Günay Xəlil