Azərbaycan üçün idmanın kütləvi və qeyri-ənənəvi növləri barədə ötən yazılarda məlumat vermişdik.
Ölkəmizdə populyar sayılmayan növlərdən biri də tennisdir. İlkin forması orta əsrlər Avropasının monastrlarında mövcud olan tennis Azərbaycana məhz Qərb mədəniyyətinin inteqrasiyası dövründə gəlib. Tanınmış neft maqnatları Nobel qardaşlarının Bakıdakı mədənlərində çalışan ingilis və alman fəhlələr bu prosesin əsas iştirakçıları olublar. Elə ilk tennis kortu da Alfred Bernhard Nobelin Suraxanıda yerləşən bağında yaradılmışdı. Hətta 1927-ci ildə tennis üzrə ilk Azərbaycan çempionatı keçirilməsi məlumdur. SSRİ zamanında Oleq Spiridonov, Yevqeni Biryukov, Ramiz Əhmərov, Vladimir İvaşinov və Serqey Lixaçov bu növün məşhur təmsilçiləri idi. Onların arasında 17 il dünyanın ən güclü 10 tennisçsi sırasında yer alan Əməkdar İdman Ustası Serqey Lixaçovu xüsusi qeyd etmək mümkündür.
Azərbaycanda tennisin durumu, yumşaq desək, qənaətbəxş səviyyədə deyil. Statistika göstərir ki, 2010-cu ildə bu idmanla 3415 nəfər məşğul olurdusa, 2019-cu ildə analoji göstərici 2219 nəfər təşkil etmişdi. Əhalinin sıx cəmləşdiyi Abşeron yarımadasında 20-ə qədər müxtəlif ölçülü tennis kortu var. Bu baxımdan Bakı Tennis Akademiyasını xüsusi fərqləndirmək mümkündür. 2009-cu il mayın 5-də fəaliyyətə başlayan akademiyanın sahəsi 2.7 hektardır. BTA ərazisində yerləşən 6 açıq, 4 bağlı və 1 mərkəzi kort ilboyu tennislə məşğul olmaq, bu növ üzrə yarışlar keçirməyə imkan verir. Akademiyada 5-14 yaşlı uşaqların hazırlığı səhər və axşam qruplarında aparılır. Bu idmanın həvəskarları 4-5 manat ödəməklə BTA kortlarında tennis oynaya bilərlər.
Bakının Nərimanov rayonunda tennisə aid digər infrastruktur obyekt İdman Tennis Kompleksidir. 1986-cı ildə istifadəyə verilən mərkəz ilk olaraq 2020-ci ilin yayında əsaslı təmir edilib. Ərazisi 1.16 hektar olan Kompleksdə 6 tennis kortunun xüsusi örtüyü dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub. Onun nəzdində Uşaq Tennis Məktəbi də mövcuddur. Məşqlərdə fiziki hazırlıq və tennis texnikası üzrə dərslərdən ibarətdir. Cüt biletlər əldə etmək 25, fərdi məşq 50 manat dəyərindədir. Məşqçilər beynəlxalq dərəcəli sertifikata malikdir.
"Gənclik" İdman-Sağlamlıq Kompleksinin kortu da xidmətlərini tennissevərlərə təklif edir. Eyni zamanda yaxınlıqdakı Tennis klub fəal istirahət tərəfdarlarının seçim imkanını artırır.
Mütəxəssislər uşaqların tennis bölmələrinə 4-5 yaşlarından yazdırılmasını tövsiyə edirlər. Azyaşlılara rahat idman ayaqqabısı, yüngül raketka seçmək zəruridir. Qrupla məşqlərdən əlavə, indvidual çalışmağın əhəmiyyəti xüsusi vurğulanır.
Məhsuldar olmayan gənc nəsil
2020-ci ilin məlumatlarına əsasən, dünyada tennislə təxminən 87 milyon nəfər tennis oynayır. Ümumdünya Tennis Federasiyasının uşaq və yeniyetmələr üzrə reytinq siyahısına 7275 tennisçi daxil edilmişdi (2019). Tennisin ən populyar olduğu regionlar Avropa, ABŞ, Asiyanın cənubu və şərqidir. Uşaqlar arasında sözügedən idman növünün statistikası onun gələcək inkişaf perspektivlərini müəyyənləşdirir. ABŞ-da 6-12 yaşlı uşaqların 4.3 faizi (2019), İngiltərədə isə 11-15 yaşlı uşaqların 12.5 faizi tennis məşqlərinə qatılır. Son illər tennis Çin, Hindistan və Yaponiyada gənc nəslin arasında məşhurluq qazanmağa başlayıb.
Azərbaycanda uşaqlar arasında stolüstü tennis kortda oynanılan "böyük qardaş"ından daha populyardır. Bu, ümumi statistikada da öz əksini tapıb. Pandemiyadan əvvəl idman müəssisələrində stolüstü tennislə məşğul olanlar 13 min nəfərə yaxın idisə, böyük tennis oynayanlar bundan təqribən 5 dəfə az idi. Covid-19 tennis məktəblərin fəaliyyətinə də ciddi təsir göstərdi. Uşaqların texniki məşqləri bilavasitə peşəkar mütəxəssis iştirakı tələb etdiyindən onların hazırlıq səviyyəsi xeyli aşağı enib. Bakı Tennis Akademiyasında 100-ə qədər uşaq bu idman növünün sirlərini öyrənir.
Ölkəmizdə tennis ənənələri olduğu halda, müasir dövrdə dünya arenasında öz sözünü deyən peşəkarlarımız yoxdur. Düzdür, bəzi məqamlar nikbin gələcəyə ümid yaradır. Məsələn, gənc tennisçimiz Tamerlan Əzizov bunlardan biridir. O, 6 sentyabr - 3 oktyabr tarixində baş tutan J5 Bakı Payız Kuboku turnirinin fərdi yarışlarında qalib adını qazanmışdı. Qeyd edək ki, 17 yaşlı T.Əzizov BTF-nin gənclər üzrə reytinq siyahısında 531-ci pillədədir. O, indiyə qədər keçirdiyi 30 qarşılaşmanın 25-dən qalib kimi ayrılıb. Tamerlanın aktivində 2021-ci ilin iyununda keçirilmiş Deyvis kubokunda 2 qalibiyyət də var. Qələbələrdən biri 25 yaşlı erməni tennisçi Mikayel Avetisyan üzərində qazanılıb.
BTF reytinq siyahısına düşə bilən digər tennisçimiz 16 yaşlı Kənan Qasımovdur. 2001-ci yerdə olan gənc raketkaçı sentyabrda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə öz yaş kateqoriyasında birinci olmuşdu. Qadınlar arasında Umayra Həşimovanı qeyd etmək mümkündür. 18 yaşlı təmsilçimiz hazırda gənclər arasında reytinq siyahısının 734 nömrəsidir. O, mayda Gürcüstanda təşkil edilən "J5 Tbilisi Mziuri Cup" turnirində fərdi yarışların qalibi olmuşdu. Gənclərdən Elvin Həşimov da perspektiv vəd edən tennisçi hesab olunur. Vaxtilə gələcəyinə böyük ümidlər bəslənilən Fidan Xəlilzadə isə hazırda ABŞ-ın "Vaqner" kollecində təhsil alır. Fidan müntəzəm olaraq kollecdaxili tennis yarışlarında qüvvəsini sınayır.
Azərbaycanda gənc tennisçilərin müəyyən fərdi nailiyyətləri olsa da, reytinqli turnirlərdə nəticələr qənaətbəxş deyil. 2019-cu ildə Bakının ev sahibliyi etdiyi Olimpiya Gənclər Festivalında təmsilçilərimiz mübarizəni 1-ci mərhələdə dayandırmalı olmuşdu. Eyni sözləri 2017 İslam Həmrəyliyi Oyunları haqqında demək olar. Bu turnirdə milliləşdirilmiş serb Filip Nikolic də komandamıza fayda verməyi bacarmadı.
Problemləri harda axtarmaq lazımdır?
Gənc nəslin arasında tanınmış tennis ustalarının yetişməsinə mane olan səbəbləri fiziki, psixoloji, texniki və s. kateqoriyalar qruplaşdırmaq olar. Böyük tennis çox hərəkət tələb etdiyindən 9-10 yaşlı uşaqlarda dayaq-hərəkət orqanlarında ağrılar, yüklənmədən əzələlərdə fəsadlar özünü göstərməyə başlaya bilər. Analoki problemləri azaltmaq üçün fizioterapevt, həkim nəzarətinin olması zəruridir. Pəncədə döyənəklər, ayaqda dartılmalar, oynaq çıxıqları uşaqlar üçün daha diskomfort təsir bağışlayır. Ümumiyyətlə tennis zədələri ayrıca və geniş söhbət mövzusudur.
Psixoloji amillər tennisçilərin yaş dövrünün mənəvi baxımdan qeyri-stabil mərhələsinə - yeniyetməlik vaxtında özünü xeyli göstərir. Məşqlərdə, yarışlarda uğursuzluq ruh düşkünlüyü yaradır. Valideynlərin, ətraf mühitin təzyiqi də müəyyən mənfi təsirlərə səbəb ola bilər.
Bir sıra hallarda gənc tennisçilər texnika ilə bağlı məşqlərdən yorulur. Tennisdə avtomatik formalaşan zərbələr, reaksiyalar üzərində gərgin işləmək lazım gəlir. Ona görə uşaqlarda dayanıqlıq, zəhmətkeşlik kimi xüsusiyyətləri təhsil müəssisələrində, ailədə inkişaf etdirmək önəmlidir.
Azərbaycanlı tennisçilərin digər problemi məşq toplanışlarına qatılmaqda ortaya çıxan çətinliklərdir. Məlumdur ki, bu toplantılar əksər hallarda raketkaçıların şəxsi büdcəsi hesabına reallaşır. Tanınmış raketka ustalarının master-klasları təcrübədə geniş yayılmış metodlardan biridir. Həmin master-klasların iştirakçılarına simvolik sertifikat təqdim edilir. Bu isə, öz növbəsində gənc tennisçi üçün stimul ola bilər. SSRİ-nin Əməkdar məşqçisi, tennis üzrə idman ustası Qriqori Qaribaşvili ötən il Rusiya mətbuatına verdiyi müsahibədə uşaq tennisi barədə bunları demişdi:
"Görürsən, 10 yaşlı uşaq tennisə yeni yazılır, 3 ildən sonra Avropa yarışlarında iştirak etmək səviyyəsinə qədər yüksəlir. Potensialın açılmasına 3-4 il lazımdır. Azyaşlının əlinə dərhal raketka versəniz, heç nə alınmayacaq. Bəzi valideynlər xahiş edirlər ki, elə ilk məşqdən uşaqlarına tennis oynatmaq öyrədilsin. Lakin bu mümkün deyil. Topa sərt zərbə vurmaqla çiyin zədələnə bilər. Bu idmanda fiziki hazırlıq, dözümlülük və cəldlik çox vacibdir".
Azərbaycan tennisində maliyyə məsələləri özünü göstərir. "Devalvasiya" termininin çoxlarına məlum olmadığı, neftin 70 ABŞ dollarından aşağı düşmədiyi illərdə bu idman növünün kütləviliyini artırmaq məqsədilə qadınlar arasında ənənəvi WTA seriyalı “Bakı kuboku” turniri keçirilirdi. 2011-15-ci illərdə baş tutan yarışın mükafat fondu 250 min dollar olsa da, təmsilçilərimiz hər dəfə ilk mərhələdəcə mübarizəni dayandırırdı. Stabil inkişaf əldə olunmadığından tennisçilərin bir qismi bu sahədən uzaqlaşdı, tennisə maraq azaldı. Məsələn, 2012-ci ildə BTA-da 350, 2016-cı ildə isə 150 nəfər tələbə vardı. Cəmi 2 il sonra isə onların sayı 80-ə enmişdi.
“Pul lazımdır” – mütəxəssis deyir…
Uşaqların tennisçi kimi yetişməsində məsuliyyət, həmçinin məşqçilərin üzərinə düşür. Hazırda dünyada Beynəlxalq Tennis Federasiyasının standartlarına uyğun tennis məşqçilərinin sayı 149110 nəfərdir. Azərbaycanda tennis məşqçilərinin dəqiq statistikası aparılmasa da, onların 20-ə qədər olduğu məlumdur. Bakı Tennis Akademiyasında 15 məşqçi çalışır. Onlar 59 qrupda uşaq və gənclərin hazırlığı ilə məşğul olurlar. Akademiyanın direktoru eyni zamanda ATF vitse-prezidenti Bağır Əsgərəlizadədir. O, 2005-ci ildə "Bakı Tennis Akademiyası" İctimai Birliyini qeydiyyatdan keçirib. Hazırda tennis millimizin baş məşqçisi Yalçın Manaflı da BTA-da çalışır. Gənc tennisçi Ayxan Manaflı isə atasının yolunu davam etdirməyə çalışır. Təcrübəli mütəxəssisin 2018-ci ildə yerli mətbuata verdyi müsahibədən bəzi məqamlara nəzər salaq:
"Təəssüf ki, tennis üçün lazımi infrastruktur hələ ki ancaq Bakıda var. Bu məsələni dəfələrlə qaldırmışam. Ölkədə tennisin coğrafiyasını genişləndirmək lazımdı. Ölkə çempionatına yalnız Salyandan bir-iki nəfər qatılıb. Qalanları Bakı klublarının yetirmələridir. Yeniyetmələrdən ibarət yığmamızın əksər üzvləri perspektivlidi. Ancaq onları inkişafı üçün maliyyə lazımdı. Məşqçilərimiz orta səviyyəlidi. Bu kadrlarla da yaxşı tennisçi yetişdirmək olar. Amma əsas məsələ maliyyə və idmançının zədələrdən qorunmasıdı. Hələ kompleks şəkildə qidalanma və vitamin təminatı yetərli səviyyədə deyil. Bir neçə il əvvəl maliyyə daha çox ayırılırdı. Əsas problem tennisə axının azalmasıdı. 2010-12-ci illərdə Bakı Tennis Akademiyasına çoxlu uşaqlar gəlib yazılırdı. Lakin son illərdə artım yoxdur.
...Yaxşı nəticə əldə etmək istəyirsənsə, yanvarın ortalarından evi tərk edib, bir də dekabrın axırında qayıtmalısan. Bu müddət ərzində yarışlarda və təlim-məşq toplanışlarında olmalısan. Bu isə böyük vəsait tələb edir".
Yalçın Manaflının sözlərinə görə, tennisçi ATP reytinqinə daxil olmaq üçün məşqçilərə, avadanlıqlara və s. aylıq 10-15 min dollar xərcləməlidir. Tennis barədə BTA-nın inzibatçısı və koordinatoru ilə əlaqə saxlasaq da, nədənsə fikirlərini bölüşməkdən çəkindilər. İstedadlı tennisçi Tamerlan Əzizov isə bizdə bu idman növünə marağın nə dərəcədə olduğu barədə sualımıza "Bakıda məşq etmirəm" deməklə lakonik və anlaşılmaz cavab verdi. Yəqin, deyiləcək söz yoxdur...
Beləliklə, 2008-ci ildən inkişafına böyük ümidlər bəslənilən, pullar ayrılan tennis hazırda ölkəmizdə durğunluq dövrünü yaşayır. Digər növlərdə olduğu kimi, tennisə də sahibkarlar kapital yatırmaqda maraqlı görünmür. Nəticədə tennis Bakıdan kənara çıxa bilmir. Regionlarda uşaq və yeniyetmələri tennisə cəlb etmək üçün bir iş görülməyib. KİV-lərdə tennis barədə xəbərlər həmişə azlıq təşkil edib. Bunun bir səbəbi medianın etinasızlığıdırsa, digər səbəbi oxucu və izləyici kütləsinin tennis haqqında məlumatlara "ac" olmamasıdır. Əlbəttə, düzgün marketinq və piar mövcud problemin müəyyən qədər aradan qaldırılmasında açar rolunu oynaya bilər.
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə (6.3.19-cu yarımbəndi-uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə) hazırlanmışdır.