"Barselona"nın baş məşqçisi Kike Setyen koronavirus pandemiyasına görə fasilə yaranan La Liqada oynayaraq qalib gəlmək istəyir.
Offsideplus.az xəbər verir ki, İspaniyanın TV3 kanalına açıqlama verən Setyen onlayn məşqlər və çempionluq barədə danışıb:
"Oyunçular hər gün evdə tapşırıq əsasında məşq edir və bizə hesabat verirlər. Onlar nə etməli olduqlarını çox yaxşı bilirlər. Buna görə məşqlərə qayıdanda böyük problem olmayacaq.
Oyunçular kimi məşqçilər heyəti də maaşların azalmasında iştirak etdilər. Klubun təklif etdiyi ilk gündən həm biz, həm də oyunçular razı idilər, amma kluba kömək etmək üçün daha yaxşı həll yolu axtardığımız üçün proses bir az uzun çəkdi.
La Liqanın dayanması və çempion olmağımıza gəlincə, oyunçulara da dedim, mənim istəyim turnirin davam etməsi və çempionluğu meydanda qazanmaqdır. Əks halda özümü çempion hiss etməyəcəm. Qələbə qazanmaq hər zaman əsas hədəfdir.
Qış transfer pəncərəsindən sonra uğursuzluq yaşadıq. Çox güvəndiyimiz Dembele zədələndi, daha sonra Suarezi zədəyə görə itirdik. Bəlkə də Karles Perezin getməsinə imkan verməməli idik.
Uzun illərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, Çempionlar Liqasını qazana bilərik. Bu mənada Messi ilə razı deyiləm. Ümumiyyətlə, mən düşünürəm ki, La Liqanı qazanmaq Çempionlar Liqasını qazanmaqdan daha çətindir. Biz hər iki yarışda eyni şanslara sahibik və bizim heyətimizdə Messi var.
Əgər mən hansısa oyunçunu əsas heyətə seçirəmsə, buna səbəb onun komanda üçün digərindən daha faydalı olmasıdır. Başqalarının fikirləri mənimçün önəmli deyil. Bu, məsuliyyətin bir hissəsidir".
Qeyd edək ki, İspaniya La Liqasının 29 mayda, ya da ən geci 6 iyunda bərpa edilməsi planlaşdırılır.