"Beşiktaş" klubunun məşhur futbolçusu Caner Erkin karyerasını "Fənərbağça"da davam etdirəbilər.
Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, buna səbəb "qara qartallar"ın futbolçu ilə maaş məsələsində razılığa gələ bilməməsidir. Belə ki, koronavirusun yaratdığı iqtisadi vəziyyətlə əlaqədar futbolçuların məvaciblərini azaltmağa qərar verən "Beşiktaş"da bəzi oyunçular buna narazılıqlarını ifadə edib.
Həmin futbolçulardan biri də 31 yaşlı Caner Erkindir. Klub ona illik 850 min avroluq yeni maaş təklif edir. Hazırda mövcud olan müqaviləsi ilə ilinə 2 milyon avro qazanan oyunçu buna razı deyil və klubdan ayrılmağı düşünür.
İstanbul nəhəngi "Fənərbağça" isə sözügedən futbolçunu heyətinə qatmaq niyyətindədir. Məlumata görə, "sarı larcivərtlilər" artıq bu transfer üçün hərəkətə keçib.
Qeyd edək ki, Caner Erkin 2017-ci ildən "Beşiktaş"da forma geyinir. O, 2010-2016-cı illərdə "Fənərbağça"da da çıxış edib.