"Azərbaycanla oyuna 5 gün ərzində hazırlaşmışıq. Bəzi çətinliklərimiz var, buna baxmayaraq, problemləri yoluna qoyub müvəfəqiyyət qazanmaq istəyirik. Sabahkı oyun ərəfəsində mən nikbinəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri futbol üzrə Latviya milli komandasının baş məqçisi Paolo Nikolato sabah Azərbaycana qarşı keçiriləcək yoldaşlıq görüşü ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı çalışdırıcı yığmamızla qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib: "Hər oyun fərqlidir, hər matça ciddi yanaşırıq. Rəqibimiz FIFA-nın reytinq cədvəlində 119-cu pillədə qərarlaşıb. Biz özümüzdən yüksəkdə duran komandalarla oynayaraq inkişafa nail olmaq istəyirik. Heyətə gənc oyunçuları çağırmaqda məqsədimiz onlara özlərini göstərməsi üçün imkan yaratmaqdır".
Milli komandamızın baş məqşçisi Fernandu Santuşu yaxşı tanıdığını söyləyən P.Nikolato yetirmələrinin qələbəyə kökləndiyini nəzərə çatdırıb: "Fernandu Santuşa böyük hörmətim var. Onun işinə, uğurlarına sayğı ilə yanaşıram. Son rəsmi matçda Latviyanın Azərbaycana uduzması mənim üçün əhəmiyyətli deyil. Futbolda hər şey 1 dəqiqənin içində dəyişir. Sabahkı oyunla bağlı start heyətini hələ müəyyənləşdirməmişəm. Amma heyətdə 50 faizdən çox dəyişiklik edilib. Məşqçi işi mənim üçün hər şeydən vacibdir. Hər gün bu məsələlərlə məşğul oluram. Şəlalə yağışdan sonra yaranır. İnanıram ki, Latviya yığmasında da tezliklə uğurlu dövr olacaq. Mənim yetirmələrim qələbəyə acdır. Mən uduzmağı sevmirəm".