"Milli komanda da çoxlu qəribəliklər var. Hələ ki, futbolumuz geri gedir. Akademiyalarda futbolçu yetişdirilmir. Hər bir yaş qrupunda həddindən artıq milliləşdirilmiş futbolçular var. Yığmada heç bir inkişaf yoxdur. Sadəcə, intriqalardır. Baş məşqçi futbolçu ilə intriqa aparırsa, aralarında prinsip gedirsə, deməli daxildə hansısa problemlər var. Santuş İsveçlə oyundan sonra mətbuat konfransında bildirmişdi ki, penalti vurmağı Eminə tapşırıb. Lakin, Ramil Emindən topu istəyib və 11 metrlik cərimə zərbəsini yerinə yetirib. Futbolçular meydanda ilk növbədə baş məşqçinin tələblərini yerinə yetirməlidirlər. Penaltini vurmaq Mahmudova tapşırılıbsa, o da icra etməlidir. Meydanda Santuşun istəyinin əksinə başqa bir futbolçu bunu edirsə, deməli mütəxəssis özünü komandaya ciddi, tələbkar, nizam-intizamlı tərəfdən göstərə bilməyib".

Bu sözləri Offsideplus.az-a açıqlamasında Tərlan Əhmədov milli komandamızın Millətlər Liqasındakı 2 oyunu şərh edərkən bildirdi. 

Mütəxəssis Emin Mahmudovun Slovakiya ilə oyunda ehtiyatda qalmasından danışdı. Kapitana dəstək olmağın gərəkliyini vurğuladı:

"Eminin aqibətinin necə olacağı onunla məşqçi arasında olan bir məsələdir. Hadisələrin necə cərəyan edəcəyini gələcəkdə görəcəyik. Hər halda Mahmudov yaxşı futbolçudur. Hazırda Emində eniş dövrüdür, futbolçu çətin günlərini yaşayır. Ətrafda ona qarşı təzyiqlər var. İndiki vəziyyətdə Azərbaycanda əlimizdə olan futbolçulara dəstək olmalıyıq".

T. Əhmədov yığmada milliləşdirilimiş oyunçulardan daha çox yerli futbolçulara üstünlük verilməsinin və akademiyalarda oyunçuların yetişdirilməsinin vacibliyini qeyd etdi:

 

"Milliləşdirilənlərin komandaya böyük qatqısı yoxdur. Neçə illərdir ki, yığmaya milliləşdirilmiş oyunçular gətirilir, amma, nəticə dəyişmir. Gələn futbolçu komandaya dəstək ola bilmirsə, faydası yoxdursa, onun yerinə yerli oyunçularımıza üstünlük verilməlidir. Nə klublarda, nə də akademiyalarda milli ruhda futbolçular yetişdirilmir. Akademiyalarda böyük işlər görülməlidir, sistem dəyişməlidir, qarşılarına tələblər qoyulmalıdır. Hər klub öz yetirməsini meydanda oynatmalıdır".