"Nəticə qazanmaq üçün yaxşı qrupa düşmüşük".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov yığma komandamızın bu gün Millətlər Liqasında Qazaxıstanla keçirəcəyi oyun haqda danışarkən deyib.
O, komandamızdan yalnız qələbə gözlədiyini bildirib:
"Bu oyunda millidən yalnız qələbə gözləmək qalır. Baş məşqçi Canni de Byazi də başa düşür ki, bu, onun son şansıdır. Həm də millimiz çoxdandır qalıb gəlmir, qələbəyə ehtiyac var. İnşallah, hər şey yığma üçün yaxşı olar. Uşaqlara inanıram".
İsmayılov komandamızın budəfəki Millətlər Liqasında uğur qazanmağa məcbur olduğunu deyib:
"Budəfəki turnirdə nəticə qazanmalıyıq. Başqa çıxış yolu yoxdur. Ya nəticə olacaq, ya da De Byazi gedəcək".
Təcrübəli futbolçu son olaraq rəqibin heyətində itkilərin olması barədə də fikir səsləndirib:
"Kiminsə meydanda olub-olmaması bizim üçün fərq etməz. Əsas odur ki, yaxşı oyun sərgiləyək və nəticə qazanaq".
CAVİD ƏLİYEV