Avropanın 21 yaşa qədər ən yaxşı futbolçusuna təqdim edilən "Qızıl oğlan" ("Golden Boy") mükafatı üçün namizədlər artıq açıqlanıb.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, 2021-ci il üzrə 100 nəfərin namizəd göstərildiyi prestijli mükafat hər il İtaliya nəşri "Tuttosport" tərəfindən verilir. İspaniyada çıxış edən 4 futbolçunun qazandığı bu mükafata, 18 ildir La Liqadan onlarla namizəd çıxıb.
2005-ci ildə Leo Messi ("Barselona"), 2007-ci ildə Serxio Aquero ("Atletiko Madrid"), 2012-ci ildə İsko ("Malaqa") və 2019-cu ildə Joao Feliks ("Atletiko Madrid") bu kuboku əldə edib. Ötən mövsüm səsvermədə Kataloniya təmsilçisinin gənc ulduzu Ansu Fati Erlinq Haalanddan geri qalaraq ikinci yeri tutmuşdu.
2021-ci il üçün isə La Liqadan aşağıdakı 13 futbolçu namizəd görülüb:
Ander Barreneçea ("Real Sosyedad")
Barreneçea son illərdə "Real Sosyedad" akademiyasından çıxan ən yaxşı futbolçulardan biridir. 19 yaşlı sol cinah hücumçusunun can qoyduğu komanda 2020-ci il İspaniya kubokunu qazanaraq, 34 il sonra ilk dəfə böyük titula sahib çıxıb. Gənc ulduz kubok üzrə 3 fərqli turda rəqib qapısına yol taparaq, geridə qoyduğumuz mövsüm La Liqada parlayıb.
Takefuso Kubo ("Real Madrid")
"Real"da forma geyinən Yaponiya millisinin 20 yaşlı üzvü Takefuso Kubodan böyük nəticələr gözlənilir. Son üç mövsmünü icarə əsasında "Malyorka", "Vilyarreal" və "Xetafe"də keçirən Kubonun gələn mövsüm hansı komandada oynayacağı sual altındadır. 2011-15-ci illərdə "Barselona" akademiyasında iştirak edən yaponiyalı vinger böyük texniki bacarıqlara sahibdir.
İlayş Moriba ("Barselona")
Ötən mövsüm Ronald Kuman "Barselona" akademiyasından bir çox futbolçunu əsas heyətə çağırdı. İlayş Moriba da bu oyunçular arasındadır. 18 yaşlı yarımmüdafiəçi "Barselona" ilə keçirdiyi oyunlarda elə performans nümayiş etdirirdi ki, sanki illərdir Kataloniya təmsilçisində forma geyinir. Debüt matçına bu il yanvar ayında çıxan Moriba, mövsümün sonunacan 18 oyunda iştirak edib.
Brayan Xil ("Sevilya")
2020/21 mövsümü Xil üçün çox vacib dönəm idi. İcarə əsasında "Eybar"da çıxış edərkən, gənc vinger komandanın ən yaradıcı futbolçularından birinə çevrilmişdi. Ortaya qoyduğu zəhmət və bacarığı ilə azarkeşlərin sevimlisinə çevrilən 20 yaşlı futbolçuya Luis Enrike də İspaniya millisində şans verdi.
Rodriqo ("Real Madrid")
Rodriqo La Liqanın ən diqqət mərkəzində olan gənclərindən biridir. 20 yaşlı braziliyalı hər zaman "Kral klubu"nun cinahında işini görməyə çalışır. 2019-cu ildə ÇL-da "Qalatasaray"a qarşı oyunda (6:0) het-trik edən Rodriqo, keçən il "İnter"lə oyunda da həlledici qola imza atmışdı.
Pedri ("Barselona")
Pedri 2021-ci il "Qızıl oğlan" mükafatını qazanacaq favoritlərə başçılıq edir. 2020-ci ilin yayında "Las Palmas"dan "Barselona"ya keçid edən 18 yaşlı ulduz az müddətdə start heyətdə meydana çıxaraq, Miralem Pyaniç və Filip Koutinyo kimi böyük futbolçuları ehtiyatda saxladı. 18 yaşında olmasına baxmayaraq 2020/21 mövsümündə "Barsa" heyətində özünə yaxşı yer qazanan Pedri, AVRO-2020-də İspaniya millisinin də açar oyunçularından biri olub.
Kan-in Li ("Valensiya")
"Valensiya"nın 20 yaşlı yarımmüdafiəçisi Kan-in Li 21 yaşa qədər futbolçular üzrə 2019-cu il FİFA Dünya Kubokunda ən yaxşı oyunçu adına layiq görülüb. Gənc oyunçu texnikası və bacarığı ilə fərdi mükafatlar sırasına daha birini əlavə etməyi planlaşdırır.
Markos Paulo ("Atletiko Madrid")
"Atletiko Madrid" Braziliyanın "Fuliminense" klubundan transfer etdiyi Markos Paulo barədə böyük gözləntilərə sahibdir. Klubun prezidenti Mario Brittenkurt 20 yaşlı forvardın Madrid təmsilçisi ilə ilkin müqavilə imzaladığını bir müddət öncə açıqlamışdı. yaxın günlərdə rəsmi transferin açıqlanacağı gözlənilir.
Miqel Quterres ("Real Madrid")
Miqel Quterres 2020/21 mövsümünün son ayında "Real"la çıxdığı ilk oyunundakı performansı ilə diqqətləri üzərinə çəkdi. 19 yaşlı müdafiəçi Ferlan Mendi və Marselonun yoxluğu zamanı "Kral klubu"na gəldi və hətta Marselo qayıdandan sonra da, son 8 matçdan 6-da oynadı. Zinədin Zidanın bu futbolçuya güvənməsi, gələcəyinin parlaq olacağını göstərir.
Yunus Musa ("Valensiya")
ABŞ millisinin üzvü Yunus Musa "Qızıl oğlan" mükafatı üzrə namizədlər arasında "Valensiya"nı təmsil edən futbolçulardan birirdir. "Arsenal"ın akademiyasından ayrılandan sonra bu mövsüm "Valensiya"nın A komandasında forma geyinən Musa, ilk oyununda "Levante"yə qarşı derbi matçını qazandı.
Xerman Valera ("Atletiko Madrid")
"Atletiko"nun B komandasında özünü göstərən Xerman, mövsümün ortasında əsas komandaya yüksəlmək şansı qazandı. 19 yaşlı vinger özünü Sequndada yoxlamaq üçün "Tenerife"yə icarəyə göndərildi və ilk matçında "Rayo Valyekano"ya 1:0 hesablı qalib gəldikləri oyun qələbə qoluna imza atdı.
Erik Qarsiya ("Barselona")
"Barsa" Erik Qarsiyanın gələcək illərdə bir nömrəli müdafiəçilərindən olcağına inanır. 20 yaşlı futbolçu "Mançester Siti"dən akademiyasından çıxdığı "Barselona"ya geri dönüb.
Yeremi Pino ("Vilyarreal")
Hələ ki, 18 yaşında olan Yeremi Pino artıq Avropa Liqasını qazanıb. Keçən il "Vilyarreal" heyətində özünə yer tapan futbolçu, yarımfinalda "Arsenal", finalda isə "Mançester Yunayted"ə qarşı 1 saatdan çox meydanda oldu.