"Barselona"nın ulduzu Lionel Messi 2020/21 mövsümünü ən çox qol vuran futbolçu kimi tamamlayaraq 8-ci dəfə Piçiçi mükafatının sahibi oldu.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən son illərdə İspaniya çempionatında bombardir olmuş əfsanəvi oyunçulardan bəzilərini sizə təqdim edir:
Lionel Messi
Leo Messi barədə başqa nə demək olar ki? Argentinalı hücumçu geridə qoyduğumuz mövsüm ardıcıl 5-ci, ümumilikdə 8-ci dəfə Piçiçi kubokunu əldə etdi. İlk dəfə 2009/10 mövsümündə bombardir olan Leo, sonrakı illəri Kriştiano Ronaldo ilə amansız mübarizə içində keçirdi. Ronaldonun 2011/12 mövsümünü 41 qolla bombardir bitirməsindən sonra, Messi növbəti sezon rəqib qapılarından 50 qol keçirərək tarix yazdı. Portuqaliyalı ulduz La Liqanı tərk edincə, "Barselona"nın ulduzunu yalnız bir futbolçu geridə qoydu: 2015/16 mövsümündə 40 qolla bombardir olan sabiq komanda yoldaşı və ən yaxın dostu Luis Suarez...
Kriştiano Ronaldo
Kriştiano 2018-ci ildə "Real"dan ayrılanda, La Liqada çıxdığı 292 oyunda 311 qol vurmuşdu. 3 Piçiçi mükafatı qazanmasına baxmayaraq, portuqaliyalı hücumçu İspaniya çempionatında keçirdiyi hər mövsümü azı 25 qolla tamamlayıb. Ronaldo bu göstəriciyə sahib olan nadir futbolçulardan biridir...
Raul
Raul Qonzales "Kral klubu"nda keçirdiyi 10 il ərzində qol ardınca qol vurdu. 6 dəfə İspaniya çempionu olan Raul, 1998/99 və 2000/01 mövsümlərində müvafiq olaraq 25 və 24 qolla Piçiçi mükafatına sahib çıxdı.
Ronaldo Nazario
Hazırda "Real Valyadolid"in prezidenti olan Ronaldo Nazario Raul kimi iki dəfə mövsümün ən çox qol vuran futbolçusu olub. Lakin ispaniyalıdan fərqli olaraq, Ronaldo buna iki fərqli klubla nail olub. Belə ki, braziliyalı forvard 1996/97 mövsümündə 34 qolla "Barselona"da, 2003/04 sezonunda isə 25 qolla "Kral klubu"nun heyətində Piçiçi mükafatını əldə edib.
Samuel Etoo
Samuel Etoo 2004-cü ilin yayında "Malyorka"dan "Barselona"ya keçəndə ilk mövsüm 24 qola imza atdı, lakin bir qolla Dieqo Forlandan geri qalaraq Piçiçi kubokunu əldən qaçırdı. Gələn mövsüm performansını daha da yaxşılaşdıran Samuel, bu dəfə 26 qolla İspaniya çempionatının bombardiri oldu.
Rud van Nistelroy
2006-cı ildə "Mançester Yunayted"dən "Real"a keçərkən Rud van Nistelroy Premyer Liqanı ən çox qol vuran futbolçu kimi tərk etmişdi. La Liqa bombardirliyinə də göz dikən niderlandlı hücumçu ilk mövsümündə 25 qolla Piçiçi mükafatına sahib çıxdı.
Dieqo Forlan
Dieqo Forlan Piçiçi kubokunu iki dəfə qazanıb: birini "Vilyarreal", digərini isə "Atletiko Madrid"lə. Uruqvaylı forvard La Liqadakı ilk mövsümündə 25 qol vuraraq "Barselona"lı Samuel Etoonu geridə qoydu. "Sarı" formanı "qırmızı-ağlar"a dəyişən Forlan, bu dəfə 2008/09 sezonunda 32 qolla La Liqa bombardiri oldu. Dieqo Forlan Ronaldodan bəri 30-da çox qola imza ataraq Piçiçi mükafatını qazanan ilk futbolçu olmuşdu.