Luka Zidan daşıdığı soyada görə narahatlıq keçirir.
Düzdür, əfsanəvi futbolçunun oğlu olmasına görə şanslı və xoşbəxtdir, lakin elə anlar olur ki, ətrafdakıların fikri ona rahat buraxmır.
Offsideplus.az "Footmercato"ya istinadla xəbər verir ki, bu barədə Sequndada "Rayo Valekano"nun qapısını qoruyan Lukanın özü məlumat verib: "Bu soyadı daşımağın müsbət və mənfi tərəfləri var. Əlbəttə, atamın vaxtilə və bu gün etdiklərinə görə çox sevinirəm. Digər tərəfdən, soyadım çox diqqət çəkir. Amma olsun, uşaqlıqdan buna öyrəncəliyəm.
İnsanlar elə düşünür ki, tanınmış birinin oğlusan deyə, ona görə sənə hörmət edirlər. Guya mənə xüsusi yanaşma olmalıdır və ya olur. Bu cür söz-söhbətlər məni narahat edir. Hə, bəzən də "Zidanın oğludur deyə, oynayır" şəklində düşünürlər".
Qeyd edək ki, Luka cari mövsümdə Sequndada 8 oyunda meydana çıxıb ki, 2 matçda qapısını toxunulmaz saxlaya bilib. "Rayo Valekano" 33 turdan sonra topladığı 55 xalla 6-cı pillədə yer alıb.