Zinədin Zidanın yayda "Real"ı tərk edəcəyi ilə bağlı xəbərlər səngimir.

"Kral klubu" çempionatda və ya Çempionlar Liqasında titul qazanmayacağı halda fransız mütəxəssisin komandanı tərk edəcəyi gözlənilən və anlaşılandır. "Uzaqgörənlər" Zidan üçün yeni komanda da tapıb. İddialara görə, Andrea Pirlo göndəriləcəyi halda, "Yuventus"da baş məşqçi postuna "Real"ın hazırkı çalışdırıcısı keçəcək. 

Offsideplus.az "Tuttomercato"ya istinadla xəbər verir ki, təcrübəli mütəxəssis mətbuata açıqlamasında "Real"ı vaxtilə futbolçu kimi şərəfini qoruduğu komandaya dəyişəcəyi ilə bağlı dolaşan xəbərlərə münasibət bildirib. Zidan məlumatı nə təsdiq, nə də təkzb edib ki, bu da ortada müəyyən şübhələr yaradıb:"İtaliya hər zaman ürəyimdə yaşayacaq. "Yuventus"sa mənim üçün doğma olub və indi də belədir. Yenidən İtaliyada görüşəcəyikmi? Bilmirəm (gülür). Hələ burdayam, sonrasına baxarıq".

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü 1996-2001-ci illər aralığında formasını geyindiyi "Yuventus"da 8 titul qazanıb.