"Hueska" İspaniya İkinci Divizionunun çempionu kimi La Liqaya qayıdandan sonra stadionunda elə bir yenidənqurma işləri planlayır ki, azarkeşləri sadəcə qürur duya bilər...
Offsideplus.az rəsmi tərəfdaşı La Liqaya istinadən xəbər verir ki, "Hueska" klubu uzun müddətdən sonra bu mövsüm yenidən İspaniya və Avropanın top liqasına qayıdıb. La Liqaya geri dönmək Fransa ilə qonşu olan Pireney dağlarının ətəklərində yerləşən şəhəri çox qürurlandırıb.
1960-cı ildə əsası qoyulan Araqon təmsilçisi tarixinin çoxunu İspaniya futbolunun aşağı liqalarında keçirib. Belə ki, tarix boyunca sadəcə iki dəfə La Liqaya yüksələ bilən klub buna iki mövsüm öncə nail olmağı bacarmışdı. Komandanın nəfəskəsən meydanlarda inkişafı, dünyanın dörd bir yanından tərəfdarların diqqətini çəkməsi, klubun "El Alkoraz" stadionuna əl gəzdirməsi və yenidənqurmasını gərəkdirir.
"Hueska"nın 1972-ci ildə açılan stadionu adını 1096-cı ildə şəhərdən bir az uzaqda baş verən Alkaroz döyüşündən alıb.
Stadionun orta tamaşaçı sayı on il öncə 450 nəfər idirsə, bu günlərdə 7 000 nəfərə çatıb. Hazırda davam edən təmir işlərini nəzərə alsaq, mövsümün sonunadək 9 200 nəfərə çatacaq. 50 000 nəfərlik nüfuzu olan şəhəri təmsil edən "El Alkoraz" hər həftə şəhər sakinlərinin 20%-ni qəbul edə biləcək.
VIP bölümündə 375 yeni oturacaq yerləşdiriləcək ki, bu da, La Liqada çıxış edən klubun gəlirlərinin artmasına fürsət yaradacaq. Fiziki qüsurlu azarkeşlər üçün yeni bölmənin inşası, klub muzeyi və ofislərin yenidənqurması planlaşdırılır.
Qeyd edək ki, stadion La Liqadakı ən kiçik meydançalardan birinə sahib olsa da, keyfiyyət ilə həcmi qarışdırmaq səhv olar. Ot örtüyü ilə dünyada məşhur olan "El Alkoraz" stadionu hər il "Qızıl Top" mükafatını verən məşhur "France Football" nəşri tərəfindən Avropanın ən yaxşı dördüncü ot örtüklü stadionu seçilib.