"Barselona" hələ də Superkubokdakı məğlubiyyətin təsiri altındadır.
"Atletik"lə matçda qələbənin son saniyələrdə əldən çıxması (2:3), nəticədə köklü klubun mövsümü titulsuz başa vurması komandadakı əhval-ruhiyyəni pisləşdirib. Bu azmış kimi, həmin oyunda dublla yadda qalan Antuan Qrizmannın verdiyi müsahibə ilə odun üstünə yanacaq töküb.
Offsideplus.az xəbər verir ki, fransız futbolçunun matçdan sonra verdiyi müsahibədə "isti başla" dediyi sözlər normal qarşılanmayıb. Antuan məğlubiyyətə əsas səbəb kimi müdafiədəki səhvləri göstərib, bununla da günahı komanda yoldaşlarının bir qisminin üzərinə atmış olub: "Biz batdıq. Əsəbi və çox üzgünük. Finalda uduzursansa, həyatda bütün pis hissləri yaşayırsan. Marselelinyonun rəhbərlik etdiyi komandaların necə oynadığını bilirik. "Atletik"də də əzmkar və iddialı kollektiv yaradıb.
Sadəcə, biz pis müdafiə olunduq. Çətin vəziyyətdəsənsə, hamı bir-biri ilə danışmalı, bir-birinə kömək etməlidir. Top itirirsənsə, kimsə qışqırmalı, yanında rəqibin olduğunu deməlidir. Bəzən qışqırırdılar, bəzən susurdular. Nə bilim".
"Barselona"nın futbolçuları bu açıqlamalardan şoka düşüb. Qrizmannın nəzərdə tutduğu futbolçunun Mark-Andre ter Ştegen olduğuna isə heç kim şübhə etmir.