"Betis"in 39 yaşlı kapitanı Xoakin Ronald Kumanlı günləri yada salıb.
Həmin Kuman ki, 2007-08 mövsümündə "Valensiya"nı çalışdıranda Xoakin aparıcı futbolçulardan idi. Həmin mövümün əvvəlində 4-cü pillədə qərarlaşan "Valensiya" çempionatın başa çatmasına az qalmış 16-cı pilləyə yuvarlanmışdı. Kumanın istefaya göndərilməsindən sonra "yarasalar" çətinliklə elitada qalmağın öhdəsindən gəlmişdi.
Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, Xoakin həmin günləri yada salanda diqqətçəkən açıqlamalar səsləndirib: "Kuman idmançı karyeramda yaxşı və arzuolunan təcrübə olmadı. Həmişə deyirəm, keçmişdə olanların arasında ən yaxşı xatirələri yadda saxlamalısan. Aramızda yaşanan qalmaqaldan danışmaq istəmirəm. Onsuz da, həmin vaxt çox əsəb keçirmişdim. Yenə yada salıb əsəbləşmək istəmirəm".
Həmkarımızın "rəhbər olsaydız, onu "Betis"ə baş məşqçi götürərdizmi" sualına futbolçunun cavabı sərt olub: "Onu heç qulluqçu kimi də işə götürmərəm! Yaxşı ki, o vaxt yollarımız tez ayrıldı və çempionatda qalmağı bacardıq. Görüşəndə əlini sıxmaq? Mən sıxmayacam, onun da sıxacağına inanmıram".