"Barselona"nın Lionel Messinin klubdan ayrılmaq istədiyini açıqladıqdan sonra futbolçunun karyerasını harda davam etdirəcəyi ilə bağlı müxtəlif iddialar yayılır.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçunun müqaviləsindəki sərbəstqalma məbləği 700 milyon avro olsa da, onun ayrılmaq istəyi məbləğin 7 dəfə azalmasına səbəb olub.
İspaniyanın AS nəşri "Barselona" rəhbərliyinin argentinalı forvardı 100 milyon avroya satacağını bildirib.
Gecə saatlarında RAC 1 radiosu isə son qiymətin 222 milyon avro olduğunu açıqlayıb.
Messi iyunun 10-una qədər klubdan təzminat ödənmədən ayrıla bilərdi. Koronavirusa görə mövsümün bitmə vaxtının uzanması səbəbindən bu müddətin uzanması da Katalon klubunun maddi məsələdə güzəşt etməsinə imkan yaradıb.
Lionel Messini transfer etməyə ən real namizəd İngiltərənin "Mançester Siti" klubudur. Bir müddət əvvəl "şəhərlilər"in argentinalı ulduz üçün istənilən məbləği ödəməyə hazır olduğu deyilirdi. Pep Qvardiolanın Messi ilə münasibəti çox yaxşıdır deyə, oyunçunun bu komandaya üstünlük verəcəyi ehtimal olunur.
Qeyd edək ki, Lionel Messini transfer etmək istəyən klublar siyahısında "İnter" (İtaliya), PSJ (Fransa) və "Mançester Yunayted" klublarının da adları çəkilir.