İspaniya La Liqasında sona 1 tur qalmış çempionluğu "Real Madrid"ə verən "Barselona"nın superulduzu Lionel Messi maraqlı açıqlamalar verib.

 Offsideplus.az xəbər verir ki, argentinalı oyunçu "Osasuna"ya uduzduqları (1-2) oyundan sonra komandasının zəif çıxış etdiyini və klubda bir çox şeyin dəyişməsinin zəruriliyini bildirib:

"Mövsümü bu şəkildə bitirmək istəməzdik. Çox nizamsız, çox zəif və istəyi çox az olan komandaydıq. Çox xal itirdik və "Osasuna" ilə oyun da mövsümün mənzərəsi oldu. Əvvəlcə özümüzü tənqid etməliyik. Əvvəl oyunçular özlərini tənqid edəcək. Biz "Barsa"yıq, hər matçı və hər kuboku qazanmalıyıq. "Real Madrid"ə baxaraq irəliləyə bilmərik. "Real" öz işini gördü, biz də onlara kömək etdik".

Azarkeşlərin səbrinin tükəndiyinə diqqət çəkən kapitan "Çempionlar Liqasını qazanmaq istəyiriksə, çox şeyi dəyişməliyik. Belə oynamağa davam etsək, "Napoli"yə də uduzarıq. Komanda bəzi oyunlarda cəhd etdi, ancaq yetərli nəticə əldə etmədi. Bir çox oyunda isə qazanmaq əzmi yox idi. Yanvardan bəri başımıza hər cür pis hadisə gəldi. Artıq bəzi şeyləri dəyişdirməyimiz lazımdır. Azarkeşlərimizin də səbri daralır. Kubokları bu formada əldən versək, bir az da tükənəcək. Bu normaldır" - sözlərini işlədib.

"